Müəllimlik illər keçdikcə sadəcə bir peşə deyil, insan həyatında iz qoyan böyük bir missiyaya çevrilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 34 ildən artıqdır müəllim kimi fəaliyyət göstərən Gülbahar Məmmədova da ömrünün böyük bir hissəsini bu missiyaya həsr edən müəllimlərdəndir.

Neft və sənaye kimi xüsusi bilik, peşəkarlıq və məsuliyyət tələb edən bir sahədə tələbələrə illərdir nəzəri biliklər öyrədən Gülbahar Məmmədova üçün müəllimlik yalnız auditoriyada dərs deməkdən ibarət deyil. Onun üçün bu, həm də gənclərin peşəkar formalaşmasına, özlərinə inanmasına və gələcəkdə seçdikləri istiqamətdə uğur qazanmasına töhfə verməkdir.

Metbuat.az onunla müsahibəni təqdim edir:

Gülbahar müəllimə, 34 il əvvəl müəllimliyə ilk addımınızı atdığınız günə qayıtsaydınız, bugünkü təcrübənizlə o vaxtkı özünüzə nə deyərdiniz?

O vaxt qarşımda uzun və məsuliyyətli bir yol olduğunu bilirdim. Amma bu yolun mənə bu qədər gözəl xatirələr, dəyərli insanlar və tələbələr qazandıracağını təsəvvür etmirdim. Ona deyərdim ki, hər tələbəyə yalnız dərs deyən biri kimi deyil, gələcəyinə təsir edə biləcək bir insan kimi yanaşsın. Çünki illər keçdikcə anlayırsan ki, müəllimlik sadəcə peşə deyil, həm də böyük məsuliyyətdir.

Bu illər ərzində yüzlərlə tələbənin həyatına toxunmusunuz. Sizcə, müəllim tələbəyə daha çox nə verir: bilik, istiqamət, yoxsa özünə inam?

Əslində, bunların hər üçü bir-birini tamamlayır. Amma məncə, müəllimin tələbəyə verə biləcəyi ən böyük hədiyyələrdən biri özünə inamdır. Bilik öyrənmək mümkündür, istiqaməti zamanla tapmaq da olar. Amma “mən bacararam” düşüncəsini bir müəllimin tələbəyə aşılamağı onun bütün həyatına təsir edə bilər.

Bəzən bir müəllimin söylədiyi kiçik bir cümlə tələbənin özünə münasibətini, seçimlərini, hətta gələcəyini dəyişə bilir. Mən də istəyərdim ki, tələbələrim auditoriyadan çıxanda yalnız yeni bir məlumatla deyil, özlərinə olan bir az daha böyük inamla ayrılsınlar.

Tələbələrinizin yaddaşında necə bir müəllim kimi qalmaq istərdiniz?

İstərdim ki, məni yalnız keçdiyi fənni yaxşı öyrədən müəllim kimi deyil, tələbəsini dinləyən, ona dəyər verən və hər zaman inkişafına inanmış bir müəllim kimi xatırlasınlar. İllər sonra qarşıma çıxan tələbəmin “Sizin bir sözünüz mənə çox kömək etmişdi” deməsi mənim üçün ən böyük qiymətdir. Çünki müəllimin əsl izi dərsdə deyil, insanın yaddaşında və həyatında qalır.

Uzun illər eyni universitetdə çalışmaq bir növ həmin universitetin tarixinin bir hissəsinə çevrilməkdir. Bu illərdən bir anı seçib yenidən yaşamaq imkanınız olsaydı, hansı anı seçərdiniz?

Mən bu universitetin müəllimi olmazdan əvvəl onun tələbəsi olmuşam. İlk öncə həmin tələbəlik illərinə qayıtmaq istərdim. Müəllimlik illərimin isə dəyərli anları çox olub. Onların hər birisi mənim üçün qiymətlidir.

Müəllimlər Günü münasibətilə həm həmkarlarınıza, həm də illər ərzində yetişdirdiyiniz tələbələrinizə nə demək istərdiniz?

Bütün həmkarlarımı Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz çox məsuliyyətli, eyni zamanda çox dəyərli bir iş görürük. Hər bir tələbənin uğurunda müəllimin zəhmətinin, səbrinin və sevgisinin payı var. Arzu edirəm ki, bütün müəllimlər əməyinin dəyərini görsün və yetişdirdiyi gənclərlə fəxr etsin.