ABŞ-də edam cəzası zamanı ölümcül iynə vurulan qadın sağ qalaraq hər kəsi təəccübləndirib. İnfazdan sonra həyat əlamətləri davam edən qadının günlər sonra şüuru açılıb və o, danışmağa başlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tennessi ştatında edam edilən 50 yaşlı Krista Paykın vəziyyətində gözlənilməz dəyişiklik baş verib. İnfaz zamanı ona yüksək dozada pentobarbital vurulub. Lakin tibbi müdaxilələrdən sonra Paykın şüuru açılıb və o, danışmağa başlayıb.

Payk hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Vəkillərinin sözlərinə görə, onun edam prosedurundan sonra sağ qalması olduqca qeyri-adi haldır. Hüquq müdafiəçiləri qadının qarşıdakı dövrdə uzunmüddətli müalicəyə ehtiyac duyacağını bildiriblər.

Krista Payk 1995-ci ildə Kolin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, təxminən 30 il ərzində edamını gözləyib.

İnfaz zamanı qadına ölümcül təsirə malik pentobarbital vurulub. Lakin prosedur başa çatdıqdan sonra onun həyat əlamətləri davam edib. Payk xəstəxanaya çatdırılıb və həkimlər günlər ərzində dərmanın təsirlərini azaltmağa çalışıblar.

Onun sağ qalacağı təqdirdə ciddi beyin zədəsi və zehni problemlərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar da yaranıb. Lakin son açıqlamalar vəziyyətin gözləniləndən fərqli inkişaf etdiyini göstərib.

Paykın edam cəhdindən sonra Tennessi qubernatoru Bill Li 2026-cı ilin qalan hissəsində ştatda nəzərdə tutulan digər edamları dayandırıb. Ştatın həbsxanalar üzrə rəhbəri də vəzifəsindən istefa verib.

Krista Payk Tennessi ştatında 200 ildən çox müddət ərzində edam edilən ilk qadın olub.