Bakının Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin qətlə yetirilməsinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə dünən saat 21 radələrində Ə.İsazadə küçəsində baş verib. Hadisə anı avtobusda olan sərnişinlərdən biri tərəfindən lentə alınıb.

Görüntülərdən hadisə zamanı 1986-cı il təvəllüdlü Müseyib Əhmədovun 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə çoxsaylı xəsarətlər yetirdiyi görünür. Hadisə şahidləri qadını onun əlindən alaraq xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı M.Əhmədov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında “Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün məni məcbur elədin”, “Can almasam, can vermərəm...”, “Düz sözdü, namusu belə təmizləmək lazımdı” və “Son gün az qalıb, inşallah intiqamımı alacam” kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar. Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib Fatimənin münasibəti bərpa etmək istəməməsinə qarşı olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib.