2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək 18 nəfərin xilas edilməsinə kömək edən “Killian” adlı xüsusi təlim keçmiş itin xatirəsi İsveçdə heykəllə əbədiləşdirilib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin Solna-Sundbyberq Xilasetmə İtləri Klubunun 60 illik yubileyi münasibətilə hazırlanan heykəlin açılışı keçirilib. Təbii ölçüdə hazırlanan heykəl təkcə “Killian”ın deyil, həm də çətin və təhlükəli şəraitdə insanların həyatını xilas edən bütün axtarış-xilasetmə itlərinin və onların təlimçilərinin əməyinə ehtiramın ifadəsidir.
“Killian” 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra sahibi və təlimçisi Kiril Hristovla birlikdə Türkiyəyə göndərilib. Xüsusi təlim keçmiş qızıl retriver dağıntılar altında qalan insanların yerini müəyyənləşdirərək xilasetmə qruplarına mühüm dəstək verib. Dörd gün davam edən əməliyyatlar zamanı onun köməyi ilə 18 nəfərin yeri müəyyənləşdirilib və həmin şəxslər dağıntılar altından sağ çıxarılıb.
“Killian”ın Türkiyədəki fəaliyyəti İsveçdə də geniş əks-səda doğurub. O, 2023-cü ildə İsveç Kennel Klubunun fəxri mükafatına layiq görülüb. Daha sonra Mərakeşdə baş verən zəlzələdən sonra aparılan axtarış-xilasetmə əməliyyatlarında da iştirak edib.
2025-ci ildə, 9 yaşında vəfat edən “Killian”ın xatirəsinə ucaldılan heykəlin açılış mərasimində Türkiyənin Stokholmdakı səfiri Korhan Karakoç da iştirak edib. Səfir çıxışında zəlzələlər zamanı həyatını itirənləri ehtiramla yad edib, axtarış-xilasetmə əməliyyatlarında iştirak edən bütün komandalara və könüllülərə təşəkkürünü bildirib.