“Formula 1” 2030-cu illərin əvvəlində Afrika qitəsinə qayıdacaq. Yarış təqviminə Ruanda Qran-prisinin daxil edilməsi planlaşdırılır.
Metbuatı.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yarışlar Buqesera bölgəsində xüsusi olaraq inşa ediləcək trasda keçiriləcək. Trasın tikintisinin 2030-cu illərin əvvəlində başa çatdırılması gözlənilir.
“Formula 1”in sonuncu dəfə Afrikada yarışı 1993-cü ildə Yohannesburqun şimalında yerləşən Kyalami trasında keçirilib. Həmin yarışın qalibi fransalı pilot Alen Prost olub.
Son illərdə Ruanda beynəlxalq idman sahəsində tərəfdaşlıqlar qurmaqla özünü cəlbedici turizm məkanı kimi tanıtmağa çalışır. Ölkə bu məqsədlə “Arsenal” və PSJ futbol klubları ilə sponsorluq müqavilələri də imzalayıb. Həmin komandaların futbolçularının formalarının qollarında Ruandaya səfərə dəvət edən yazılar yerləşdirilib.