Sumqayıtın Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə səhhətində problem yaranan şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb. Hadisə ilə bağlı ilkin ehtimal edilən qida zəhərlənməsi faktı isə təsdiqini tapmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 29-da saat 15:50 radələrində məktəbdən təcili tibbi yardım çağırışı daxil olub. Hadisə ilə əlaqədar səkkiz şagirdə tibbi yardım göstərilib.

AQTA-dan isə qeyd olunub ki, tibb müəssisəsindən əldə edilən məlumata əsasən, hadisə ilə bağlı qida zəhərlənməsi faktı təsdiqlənməyib.

İlkin məlumatlarda şagirdlərin popkorndan zəhərlənə biləcəyi ehtimal edilsə də, sonradan onların rotavirus infeksiyasına yoluxduğu bildirilib.