İranla ABŞ arasında hərbi-siyasi gərginlik fonunda növbəti insident yaşanıb. İranın cənubunda, Hörmüz boğazında yerləşən Qəşm adasına iki raketin düşdüyü bildirilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İranın "Tasnim” xəbər agentliyi ilkin məlumatlara əsasən, adaya iki raketin düşdüyünü açıqlayıb.

İranın dövlət xəbər agentliyi IRNA isə yerli sakinlərə istinadən hadisədən əvvəl ərazidə təyyarə səsinin eşidildiyini və iki sursatın adanın Suza bölgəsinə düşdüyünü yazıb.

İran dövlət televiziyası hadisə nəticəsində iki partlayışın baş verdiyini, insan tələfatının qeydə alınmadığını bildirib. Bununla belə, mümkün dağıntılar və maddi ziyan barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Digər tərəfdən, İran ordusu Qəşm adası üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Bu məlumat hələlik ABŞ tərəfindən təsdiqlənməyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi isə insidentlə bağlı məlumatlı olduqlarını bildirərək, bölgədə vəziyyətin nisbətən sakit olduğunu qeyd edib.

Hadisə Vaşinqton və Tehran arasında hərbi qarşıdurma riskinin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edib. Bununla yanaşı, tərəflər arasında diplomatik təmasların davam etdiyi bildirilir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir. Bu ərazidə baş verən hər hansı hərbi insident regionda təhlükəsizlik vəziyyətinə və qlobal enerji bazarlarına təsir göstərə bilər.