Sovet ordusunun Bakıda törətdiyi qırğınlar insanlığa sığmayan vəhşilikdir

Sovet ordusunun Bakıda törətdiyi qırğınlar insanlığa sığmayan vəhşilikdir
17:33 20 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 20 yanvar Sabir Əliyev, AzərTAc 
1990-cı ilin 20 Yanvar faciəsi zamanı zərər çəkənlərdən biri də mənəm. Həmin vaxt mən Bakıda təhsil alırdım. Təpədən dırnağadək silahlanmış Sovet ordusunun əsgərləri qəflətən dinc əhaliyə qarşı hücuma keçdilər. Açığını deyim ki, onların Azərbaycanın paytaxtında belə bir faciə törədəcəklərini təsəvvür belə etmirdim. Çünki uzun illər bizə sovet ideologiyası təbliğ olunmuşdu.
Bu sözləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu əsgərlərinin gülləsinə tuş gələrək əlil olmuş Gəncə sakini Hikmət Əmiraslanov AzərTAc-a eksklüziv müsahibəsində deyib.
Bildirib ki, həmin gecə qaranlığa qərq olmuş Bakının küçələrini yalnız güllərin qığılcımları işıqlandırırdı. Bakı filmlərdə olduğu kimi, döyüş səhnəsini xatırladırdı. Bütün bu dəhşətlərə baxmayaraq şəhərdə saysız-hesabsız insan var idi. Ağır döyüş texnikaları minik avtomobillərinin, hətta canlı insanların üstündən keçir, heç nəyə və heç kimə rəhm etmirdi. Dostlarımla birlikdə yaralılara kömək edir, qocaları güllə altından uzaqlaşdırmağa çalışırdıq. Bu zaman mənə də güllə dəydi və huşumu itirdim. Gözlərimi açanda özümü xəstəxanada gördüm.
Hikmət Əmiraslanov deyib ki, indi o günləri xatırladıqca məni həm dəhşət, həm də iftixar hissi bürüyür. Sevinirəm ki, çoxlu itkilər versək də ölkəmizin müstəqilliyi daimi və əbədi oldu. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin müdrik fəaliyyəti ilə Azərbaycan dünya birliyi ölkələri arasında öz layiqli yerini tutdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR