Kişineu: 20 yanvarın faciəli hadisələrinə həsr olunan mitinq

Kişineu: 20 yanvarın faciəli hadisələrinə həsr olunan mitinq
22:08 20 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Yanvarın 25-də Moldovanın ictimai təşkilatlarının – Gənclərin Əməkdaşlıq Mərkəzinin və Moldova Respublikasının İctimai Palatasının təşəbbüsü ilə Kişineu şəhərinin mərkəzində, Böyük Ştefanın abidəsi önündə Bakıda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş mitinq keçirilib.
Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Moldovadakı səfirliyi məlumat verib.
Mitinq iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Moldova Respublikasının İctimai Palatasının rəhbəri Dmitri Xaritonov və Gənclərin Əməkdaşlıq Mərkəzinin başçısı Dmitri Roybu mitinqin çoxsaylı iştirakçıları qarşısında çıxış ediblər. Bildiriblər ki, sovet ordusunun iri hərbi hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin Bakıya soxulması xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət olunub. Dinc sakinlərə divan tutulub, yüzlərlə insan öldürülüb, yaralanıb, itkin düşüb.
Vurğulanıb ki, qoşunların Bakıya və respublikanın rayonlarına qeyri-qanuni yeridilməsi nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, çoxları itkin düşüblər. Xüsusi vurğulanıb ki, totalitar rejimin məqsədi Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü qorumaq cəhdlərini boğmaq idi.
Anma mərasimində çıxış edən Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri İlham Ağayev, Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu, Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov bildiriblər ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə çevrilib. Biz bu gün Moldovada həmin faciənin şəhidlərinin xatirəsini yad etməklə xalqlarımız arasında həmrəyliyi və dostluğu möhkəmləndiririk. Mitinqin çoxsaylı iştirakçılarına hüzn tarixinə həsr edilmiş məlumat xarakterli materiallar paylanılıb.
Qeyd edək ki, bu mitinq Bakıda 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Moldovada keçirilən tədbirlərin yekunu olub. Buna qədər Kişineuda 20 yanvar faciəsi ilə bağlı ictimai dinləmələr keçirilib, nüfuzlu “Ekspert novostey” qəzetində böyük məqalə dərc edilib.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR