Küveytdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Küveytdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib  (FOTO)
00:38 21 Yanvar 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Xalqımızın müstəqilliyə doğru gedən yollarında qanlı iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində anım mərasimi keçirilmişdir.

Tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri, Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora nümayəndələri, Küveyt vətəndaşları və ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri iştirak etmişlər.

Səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev tədbir iştirakçıları qarşısında çıxış etmişdir. Çıxışda 20 Yanvar faciəsinin tarixi barədə məlumat verilmiş, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M. Qorbaçovun birbaşa göstərişinə əsasən sovet ordusu hərbi hissələri və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normalarının kobudcasına pozularaq Bakıya yeridilməsi, nəticədə erməni millətçilərinin ölkəmizə qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilib, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunmuşdur.

Həmçinin, Ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibət bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusi vurğullanmışdır.

Səfirliyin foyesində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi təşkil olunmuş, faciə haqqında film və kitablar nümayiş etdirilmiş, Küveytin "Əl-Nahar" və "Əl-Vasat" qəzetlərində səfirliyin faciə ilə əlaqədar bəyanatı dərc olunmuşdur.

Bundan başqa, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış "20 Yanvar" fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin pres-relizi Küveytin dövlət və hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR