Bakı, 17 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında iştirak edən almaniyalı oxatan qadınlar Yelena Riçter, Liza Unruh və Karina Vinter AZƏRTAC-a müsahibələrində Azərbaycanda onlara göstərilən səmimi münasibət, xalqımızın qonaqpərvərliyi, ölkəmizin inkişafı ilə bağlı təəssüratlarını bölüşüblər.
Onlar mükəmməl idman infrastrukturuna malik Azərbaycanın beynəlxalq yarışlara uğurla ev sahibliyi etmək gücündə olduğunu bildirib, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.
Y.Riçter deyib: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Bakı çox xoşumuza gəldi”.
Bakıda nəqliyyatın işinin təşkilindən çox razı qaldıqlarını vurğulayan L.Unruh bunun heç də hər ölkədə belə olmadığını deyib: “Bütün idmançılar müasir nəqliyyat vasitələri ilə təmin olunublar. Bakıda gördüklərimiz bizdə olduqca xoş təəssüratlar yaradıb”.
K.Vinter isə təəssüratlarını bölüşərək deyib: “Yenidən Azərbaycana səfər etməyi düşünürük. Azərbaycanın bu dərəcədə inkişaf edən bir ölkə olduğunu bilmirdik. Hər şeyi öz gözümüzlə gördük. Buradakı çıxışımızdan da çox razıyıq. Ümid edirik ki, medal qazanmaq şansımız olacaq”.