Uzun illər yanlış olaraq müəyyən miqdarda qəbul edilən spirtli içkinin ürəyi qidalandıran damarları genişləndirdiyi əsas gətirilərək, ürək üçün faydalı olduğu hesab edilirdi.
Lakin aparılan son araşdırmalar göstərir ki, alkoqollu içki nəinki ürək-damar sisteminin sıradan çıxmasına, eyni zamanda qaraciyər, mədə-bağırsaq və ən əsası xərçəng xəstəliyinin yaranmasına yol açır.
Yaponiyada spirtli içkilərin sağlamlığa təsirini müəyyənləşdirmək üçün alimlər araşdırma aparıblar. Belə ki, 40-64 yaş arası 39 min 76 nəfər 11 il müddətində müşahidə olunub. Spirtli içki qəbul edənlərlə etməyənlər müqayisə olunub və alkoqolun miqdarı artdıqca ürək-damar xəstəliklərinin də artdığı məlum olub.
Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibbi elmləri namizədi, kardioloq Rafiq Yusifli "Zaman-Azərbaycan" qəzetinə müsahibəsində bildirdi ki, spirtli içki qəbul edənlərin ürək-damar sistemində ciddi fəsadlar əmələ gəlir: "Spirtli içkinin orqanizmə çox ciddi təsirləri var. Belə ki, ürəyin fəaliyyətinə, qaraciyərin sıradan çıxmasına, mədə və bağırsaqda yaranın əmələ gəlməsinə səbəb olan alkoqollu içkilər səhhəti pisləşdirərək qəfil ölümlərə yol aça bilir. Gənclər arasında içki aludəçiləri az deyil. İçkidən imtina etdikdən sonra onlarda şiddətli ürək döyünmələri, əllərdə əsmələr müşahidə olunur. Alkoqolun təsirindən ürək əzələsində xırda çapıqlar yaranır, ürək boşluğunda genişlənmələr baş verir ki, bu da ürəyin yığılması prosesini ləngidir. Bu da, öz növbəsində, ürək çatışmazlığı, təngnəfəslik, gecə boğulmaları, aşağı ətraflarda şişkinliyin əmələ gəlməsinə yol açır. Bu xəstələr spirtli içkidən vaxtında imtina etsələr, bu cür fəsadların qarşısını almaq mümkün olur. Lakin toxumalar tamamilə sıradan çıxdıqdan sonra müalicənin də faydası yoxdur".
Kardioloq R. Yusifli spirtli içki qəbul edən insanlarda ürək ritminin pozulması, qan təzyiqinin yüksəlməsi kimi hallara tez-tez rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, ürək ritminin pozulması infarkt, qan təzyiqinin yüksəlməsi isə beyinə qan sızması kimi ağır fəsadlarla özünü büruzə verir. Çox zaman alkoqollu içki qəbul edən şəxslər öz hərəkətlərinə nəzarət edə bilmirlər. Xüsusən yaşlı insanlar içərək həm mədə-bağırsağını yükləyir, həm də fiziki emosional fəallıqları yüksəlir ki, bu da qəfil ölümlərinə gətirib çıxarır.
Alkoqollu içkilərin təkcə ürəyə deyil, bir çox orqanlara mənfi təsiri var. R. Yusifli tünd spirtli içkinin mədənin selikli qişasına təsirsiz ötüşmədiyini və uzunmüddətli istifadə edənlərdə mədə qanamasına yol açdığını dedi: "Uzun müddət tünd içki qəbul edənlərdə mədə və on iki barmaq bağırsaqda yara əmələ gəlməsi ehtimalı olduqca yüksəkdir. Xüsusilə, həzm sistemində xərçəngin yaranmasını sürətləndirir. Buna səbəb içkinin 20 faizinin mədəyə, qalan əsas hissəsinin isə bağırsaqlara ötürülməsidir. Xüsusi zərərləri qaraciyərə olur. Belə ki, maddələr mübadiləsinin pozulması nəticəsində qaraciyərdə yağlanma əmələ gəlir ki, bu da bir çox xəstəliklərin təməlini qoyur. Alkoqollu içkilərin tərkibində elə maddə var ki, o birbaşa normal qaraciyər toxumasını məhv edir və yerində heç bir əhəmiyyəti olmayan "çapıq" toxumalar əmələ gətirir. Bu da el arasında "qaraciyər sirrozu" adlanan xəstəliyin yaranmasına səbəb olur. Hətta insan daha əvvəl sarılıq keçiribsə və ya piylənmə varsa, onda sirroz daha sürətli yayılır və bu da çox zaman müalicəyə cavab verməyəcək həddə olur. Xarici ölkələrdə qaraciyər köçürməsi ilə bunun qarşısını müəyyən qədər almağa çalışırlar".
Spirtli içki həm də sağlam yuxu rejiminə mənfi təsir edir. Bir çoxları içki qəbul etdikdən sonra yuxulasa da, həkimlər bunu orqanizmin ehtiyacını təmin etmədiyi üçün normal hesab etmirlər.
"Zaman Azərbaycan"