Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarında növbəti medalımızı Harçeqani qazanıb.
ANS PRESS-in məlumatına görə, Harçeqani kişilər arasında 80 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsü olub.
80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və 9:4 hesabı ilə qələbə qazanaraq qızıl medal qazanıb.