Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanlı qardaşlarımızla bərabər doğma divarlar arasında dövlət himnini səsləndirmək mənə unudulmaz qürurverici hisslər yaşatdı. Birinci Avropa Oyunlarının önəmi mənim üçün olduqca əhəmiyyətlidir. Üçqat Avropa çempionu olaraq medal sırama daha birini əlavə etdim. Bunun əhəmiyyəti ondan ibarətdir ki, bu medalı mən qardaş Azərbaycanda qazandım.
Bu sözləri iyunun 18-də AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının 125 kiloqram çəki dərəcəsində türkiyəli qızıl mükafatçısı Taha Akgül deyib.
Güləş yarışlarının son günündə Türkiyə bayrağını dalğalandırdığını bildirən Taha Akgül birinci Avropa Oyunları Təşkilat Komitəsinin idman yarışlarını yüksək standartlar səviyyəsində vurğulayaraq deyib: “Qardaş ölkələrimizin bayraqlarını meydançada dalğalandırmağa söz vermişdim. Bu arzumu yerinə yetirdiyim üçün çox qürurlanıram. Növbəti hədəfim Las-Veqasda keçiriləcək dünya çempionatıdır. Rio Olimpiya Oyunlarında ən yüksək əyarlı medala sahib olacağıma inanıram. “Bakı-2015” birinci Avropa Oyunlarının idman elçisi seçilmək mənə əlavə məsuliyyət gətirdi. Türkiyə və Azərbaycan Milli Olimpiya komitələri bu ortaq qərarı veriblər. Məni bu ada layiq gördükləri üçün onlara dərin minnətdarlığımı bildirirəm. İlk Avropa Oyunlarının tanıtımında iştirak etdim. Belə bir mükəmməl təşkilatçılıqda əgər azca xidmətim oldusa buna çox sevinərəm. Azərbaycan yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirdi. Atletlər Kəndində idmançılar üçün hər cür şərait yaradılıb. Bu, Azərbaycanın uğurudur. Azərbaycanın istənilən idman tədbirini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəsi var. Bütün ölkələr Azərbaycanı özlərinə örnək götürməlidirlər. Təşkilatçılıq bir daha göstərdi ki, Azərbaycan bundan daha böyük yarışlara ev sahibliyi etməyə qadirdir”.
Taha Akgül yerli tamaşaçıların ona ürəkdən azarkeşlik etdikləri üçün təşəkkürünü bildirib.