Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib
16:28 19 İyun 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif bölgələrində vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sədr Kərəm Həsənov iyunun 19-da Daşkəsəndə vətəndaşları qəbul edib. Qəbulda Gəncə şəhərindən, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müxtəlif yaş və sosial təbəqədən olan vətəndaşların iştirak etdiyi qəbulda müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Vətəndaşların bir qismi onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış alınması ilə bağlı müraciət ediblər. Bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı idi. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə əlaqədar köməklik göstərilməsi barədə də müraciətlər səslənib.
Komitə sədri vətəndaşlara bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir. Bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.
Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə müvafiq quruma göndəriləcəyi bildirilib.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesinin_sedri_Daskesende_vetendaslari_qebul_edib-865316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR