Bakı, 19 iyun, AZƏRTAC
“Azəri” İctimai Təşkilatının prezidenti, Qırğız Respublikasının əməkdar hüquqşünası Əzizağa Əliyev AZƏRTAC-a məktub göndərib.
Müəllif məktubda Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi haqda təəssüratlarını bölüşüb. Məktubu oxucuların diqqətinə təqdim edirik.
“İyunun 12-də Bakıda yeni, məxsusi tikilmiş Bakı Olimpiya Stadionunda Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirildi. Qırğızıstanda yaşayan azərbaycanlılar da bu mərasimi səbirsizliklə gözləyirdilər.
Biz Qırğızıstanda yaşayan digər etnosların nümayəndələri ilə birlikdə milli çalarları ilə seçilən bu möhtəşəm şounu diqqətlə izlədik. Biz öz tarixi vətənimizə görə səmimi qürur duyuruq. Açılış mərasimi olduqca yüksək səviyyədə keçirildi və bu hadisə uzun müddət yaddaşlarda qalacaq. Azərbaycan öz milli xüsusiyyətlərini, öz koloritini bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm hadisə müasir, müstəqil və çiçəklənən Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Biz əminik ki, bütün bu mərasimi görəndən sonra Azərbaycana, o cümlədən Qırğız Respublikasından gələn qonaqların və turistlərin sayı daha da artacaq. Çünki onlar həm oyunlara hazırlıq mərhələsində, həm də oyunların gedişində bu ölkə haqda tam informasiya əldə ediblər.
Açıq demək lazımdır ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də onun xanımı Mehriban Əliyeva və onların komandası oyunların belə yüksək səviyyədə təşkil edilməsi üçün çox böyük və gərgin iş aparıblar. Bu gərgin əməyin sayəsində Azərbaycan idmançıları artıq çempionlar sırasındadır. “Bakı-2015” kimi yüksək səviyyəli idman tədbirinin keçirilməsi başda ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident olmaqla Azərbaycan xalqının yeni qələbəsidir. Bu məqamda Ümummilli Liderimizin vaxtilə söylədiyi müdrik sözlər yada düşür: “... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Qırğızıstanda yaşayan azərbaycanlılar bu möhtəşəm beynəlxalq idman tədbirinin keçirilməsi münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirlər”.