Bakı, 19 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi cari ilin fevral-may aylarında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimləri tərəfindən Bakı, Sumqayıt şəhər, Ağcabədi və Quba rayonlarındakı uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilib.
Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimləri tərəfindən zonalar üzrə şəhər və rayon uşaq incəsənət məktəblərində, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər üçün Bakı, Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhər, Ağcabədi, Bərdə, Salyan, Şamaxı, Tovuz rayonlarında ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsləri keçmiş mütəxəssislərə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanları təqdim olunub.
Mükafatlandırma mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ustad dərslərinin uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsində, müəllimlərin peşəkarlığının artırılmasında böyük əhəmiyyətini qeyd edib, növbəti tədris ilində də bölgələr üzrə ustad dərslərinin davam edəcəyini bildirib.
Respublikada musiqi və xoreoqrafiya təhsilinin inkişafı ilə bağlı mütəxəssislərin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.