Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib

Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib
20:28 19 İyun 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 iyun, AZƏRTAC
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Naxçıvanın zəngin enerji potensialından səmərəli istifadə olunur və müasir standartlara uyğun elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda muxtar respublikada elektrik enerjisi istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzindədir. Müasir texniki imkanlara malik olan elektrik yarımstansiyalarının tikilməsi bu sahədə görülən işlərin tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 19-da Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov çıxış edərək deyib ki, Kəngərli Rayon Elektrik Şəbəkəsi bu günədək uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün istifadəyə verilən müasir ikimərtəbəli inzibati binada hərtərəfli iş şəraiti yaradılıb. Yeni istifadəyə verilən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyası müasir tələblərə cavab verir. Yasin Səfərov bundan sonra da elektrik təchizatının yaxşılaşdırılması istiqamətində səylə çalışacaqlarını bildirib, göstərilən diqqət və qayğıya görə muxtar respublikanın energetikləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Elektrik Şəbəkəsinin yeni binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik edərək deyib: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, geniş yenidənqurma işləri aparılır, insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılır, bütün yaşayış məntəqələri abadlaşaraq müasirliyə qovuşur. Yaşayış məntəqələrinin və istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması, yeni elektrik verilişi xətlərinin çəkilməsi, müasir yarımstansiyaların qurulması da bu sahədə görülən işlərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası uzun müddətdir blokada şəraitində yaşayır. Lakin ölkə Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderimizin siyasi xəttini uğurla davam etdirməsi nəticəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında digər məsələlərlə yanaşı, enerji problemi də həll olunmuşdur. Muxtar respublika tamamilə qazlaşdırılmış, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilmişdir. Bu gün muxtar respublikada istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Vaxtilə muxtar respublikada elektrik enerjisinin paylanması fasilələrlə həyata keçirilirdi. Lakin bu gün bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Muxtar respublikada il ərzində istehsal olunan elektrik enerjisinin çox hissəsi bərpa olunan enerji mənbələri, yəni su elektrik stansiyaları hesabına ödənilir. Bu da elektroenergetikanın inkişafı sahəsində qazanılan ən mühüm nailiyyətlərdən biridir. Hazırda yeni günəş elektrik stansiyası qurulur. Bütün bunlar muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri qeyd edib ki, elektrik enerjisinin istehsalı ilə yanaşı, onun verilməsində də keyfiyyətin artırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu səbəbdən də muxtar respublikada müasir elektrik yarımstansiyalarının qurulması, yeni transformatorların quraşdırılması, yüksəkgərginlikli elektrik verilişi xətlərinin yeraltı kabellərlə əvəzlənməsi və yeni elektrik xətlərinin çəkilməsi diqqət mərkəzində saxlanılır. Qıvraq qəsəbəsində elektrik enerjisinin verilişi vaxtilə ərazidəki nasos stansiyaları üçün qurulan yarımstansiya vasitəsilə həyata keçirilirdi. Bu yarımstansiyadakı yüksəkgərginlikli transformatorlardan istifadə elektrik enerjisinin paylanmasında israfçılığa səbəb olurdu. Çünki rayonda elektrik enerjisinə olan maksimum tələbat 4-5 meqavatdır. Eyni zamanda ərazidə pərakəndə formada çəkilən elektrik xətləri də enerjinin paylanmasında itkilərə yol verirdi. Bütün bu amillər nəzərə alınaraq ərazidə yeni yarımstansiyanın qurulmasına başlandı, elektrik verilişi xətləri dəyişdirildi, 25 və 10 meqavatlıq 2 transformator quraşdırıldı. Bu da Kəngərli rayonunun ərazisində elektrik enerjisi verilişinin keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Elektrik verilişi xətlərinin dayanıqlılığını təmin etmək və ərazilərdə transformatorları tələbata uyğun quraşdırmaq energetiklərin üzərinə düşən əsas vəzifələrdir. Vaxtilə muxtar respublikada təbii qazın olmaması elektrik enerjisinə olan tələbatı xeyli artırmışdı. Bütün gücün elektroenergetika sisteminin üzərinə düşməsi və yükün hesablanmaması tələbatdan artıq gücdə transformatorların quraşdırılmasına, elektrik enerjisi verilişi zamanı itkilərin yaranmasına səbəb olurdu. Lakin bu gün yaşayış məntəqələri təbii qazla tam təmin olunur. Ona görə də energetiklər elektrik verilişi xətlərinin yenilənməsini, yaşayış məntəqələrində tələbata uyğun transformatorların qoyulmasını diqqət mərkəzində saxlamalıdırlar.
“Muxtar respublikada elektroenergetika sahəsində ixtisaslı mütəxəssislər yetişmişdir. Bu gün Naxçıvanda transformatorların qoyulmasından tutmuş elektrik stansiyalarının qurulmasına qədər bütün işlər muxtar respublika energetikləri tərəfindən həyata keçirilir”, - deyən Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında və muxtar respublikada elektroenergetika sisteminin inkişafında əməyi olan energetiklərə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırıb, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində “Qıvraq” elektrik yarımstansiyasının idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar, bufet və qazanxana vardır. İkinci mərtəbədə isə iclas zalı, iş, kompyuter və nəzarətçi otaqları yerləşir. Binada yaradılan şərait fasiləsiz iş rejiminin təşkilinə imkan verir. Bu da rayon ərazisində elektrik enerjisi dövriyyəsinə mütəmadi nəzarət etmək və baş verə biləcək qəzaların vaxtında qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır.
İdarəetmə otağında yeni texnoloji avadanlıqlar qurulub və avtomatik idarəetmə sistemi yaradılıb. 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında 4 ədəd Almaniya istehsalı olan 110 kilovoltluq eleqaz açarı, 8 ədəd Türkiyə istehsalı olan məsafədən idarə olunan 110 kilovoltluq ayırıcı, 6 boşaldıcı, 3 gərginlik və 6 cərəyan transformatoru, 5 ədəd 35 kilovoltluq, 12 ədəd 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr quraşdırılıb. Yarımstansiyanın idarəetmə və rele mühafizəsi qurğuları ən müasir texnologiyalara əsaslanır. Quraşdırılan müasir avadanlıqlar elektrik enerjisinin keyfiyyətli ötürülməsinə və itkinin qarşısını almağa, eləcə də işçilərin təhlükəsizliyini təmin etməyə imkan verəcəkdir. 35 meqavoltamper gücündə olan yarımstansiya 5300 abonenti fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək, Kəngərli rayonunun enerji təminatını xeyli yaxşılaşdıracaqdır.
Ərazidə abadlıq işləri də görülüb, binanın həyətində anbar və qaraj istifadəyə verilib. Həmçinin Qıvraq qəsəbəsindəki hava elektrik verilişi xətlərinin yeri dəyişdirilərək daha təhlükəsiz əraziyə köçürülüb, 20 kilometr məsafədə yeni elektrik verilişi xətləri çəkilib.
Kəngərli Rayon Elektrik Şəbəkəsinə yeni xidməti avtomobil verilib.
Yarımstansiya ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və enerjiyə qənaət edilməsi barədə tapşırıqlar verib.
X X X
Kəngərli rayonunda aparılan abadlıq-quruculuq tədbirləri rayon mərkəzi Qıvraq qəsəbəsinin simasını tamamilə dəyişib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsindəki avtomobil yolunun ətrafı abadlaşdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ərazidə görüləcək işlərlə maraqlanıb.
Məlumat verilib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün yolun kənarlarında səkilər salınacaq, metal çəpər çəkiləcək, işıqlandırma sistemləri qurulacaq və ərazidə geniş abadlıq işləri görüləcəkdir. Bu işlər başa çatdırıldıqdan sonra piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır.
Şərur rayonunun Xanlıqlar kəndindəki
“İmamzadə” bərpa olunur
Naxçıvanda tarixi-mədəni irsin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-mənəvi dəyərlərə hörmət və ehtiramla yanaşılır. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahlar bərpa olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki qədim “İmamzadə” türbəsi də bərpa olunur.
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlib, “İmamzadə”də aparılacaq bərpa işləri ilə tanış olub.
Məlumat verilib ki, qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Uzun müddət ibadət yeri və ziyarətgah kimi istifadə olunan türbədə bərpa işlərinin aparılmasına zərurət yaranıb.
Ali Məclisin Sədri bərpa işləri aparılarkən “İmamzadə”nin tarixi görkəminin və qədim memarlıq elementlərinin qorunub saxlanılması barədə tapşırıqlar verib.
Şərur rayonunun Xanlıqlar və Püsyan kəndlərində
kollektor və selötürücü kanallar təmir olunur
Muxtar respublikada yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Çay yataqlarında və selovlarda sahilbərkitmə işlərinin aparılması, sel sularının axıdılması üçün yeni kollektor və kanalların tikilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Hazırda Şərur rayonunun Xanlıqlar və Püsyan kəndlərindəki kollektor və selötürücü kanallar yenidən qurulur. 
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan işlərlə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, bu günədək 14 min 890 metr uzunluğunda kollektor lildən təmizlənib, 6 min 550 metr selötürücü kanal bərpa olunub, 350 metr uzunluğunda yeni kanal çəkilib. Xanlıqlar kəndində 1310 metr uzunluğunda selötürücü kanala beton üzlüklər qoyulub. Hazırda 870 metr məsafədə işlər davam etdirilir. Selötürücü beton kanalların üzərində 720 millimetrlik borularla 24 su keçidi qoyulub. Bu işlər başa çatdırıldıqdan sonra Xanlıqlar və Püsyan kəndlərində torpaqların şoranlaşmasının qarşısı alınacaqdır.
Ali Məclisin Sədri yaşayış məntəqələrinin və torpaq sahələrinin sel sularından qorunması istiqamətində həyata keçirilən tədbirlərin muxtar respublikanın digər ərazilərində də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolu
yenidən qurulur
Müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər Şərur və Kəngərli rayonlarını da əhatə edib. Bu gün hər iki rayonun yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur, nəqliyyatın və insanların təhlükəsiz hərəkəti təmin edilir. Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda aparılan tikinti işləri də sakinlərin rahatlığını təmin edəcəkdir. 
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun texniki göstəriciləri və aparılan tikinti işləri ilə maraqlanıb.
Bildirilib ki, ümumi uzunluğu 16 kilometr olan avtomobil yolunda torpaq işləri başa çatdırılıb. Yolun üzərində 29 su keçidi, 10 selötürücü tikilib, yol yatağı genişləndirilərək 9 metrə çatdırılıb. Tikinti işləri aparılarkən lazımi mühəndis-texniki tələblər nəzərə alınıb, yol asfalt verilməsi üçün hazır vəziyyətə gətirilib.
Ali Məclisin Sədri tikinti işlərində və asfalt örtük salınmasında keyfiyyət amilinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
 









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kengerli_Rayon_Elektrik_Sebekesinin_inzibati_binasi_ve_Qivraq_yarimstansiyasi_istifadeye_verilib-865419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı