Azərbaycanda gimnastikanın inkişafı bizi çox sevindirir. Nəvələrim də bu idman növünə böyük maraq göstərir və ona görə də yarışları izləməyə gəlmişik.
Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları nəvələri ilə birgə izləməyə gəlmiş gimnastika həvəskarı Gülnarə İsayeva deyib.
G.İsayeva qeyd edib ki, nəvələri gimnastika yarışlarının keçirilməsini böyük həvəslə gözləyirdilər: "Avropa Oyunlarına 100 gün qalmış nəvələrim günləri sayırdılar ki, Oyunlar nə vaxt başlayacaq və biz gedib gimnastika yarışlarına baxacağıq. Elə yarışlara da biletləri əvvəlcədən almışdıq, indi tapmaq olmur, çox adam maraq göstərdiyinə görə biletlər tez satılıb qurtarır. Dünəndən nəvələrim bir yerdə dayanmırdılar ki, sabah yarışa baxmağa gedəcəyik. Nəhayət, gəldik və nəvələrim çox sevinir".
G.İsayeva bildirib ki, gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib və insanlar arasında populyarlıq qazanıb: "Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk ki, belə işlər görürlər, idmana qayğı göstərirlər, uşaqlarımız da görür və idmana həvəslənirlər. Artıq nəvəm gimnastika ilə məşğul olmaq istəyir".
O, Avropa Oyunlarının ölkəmiz üçün çox uğurlu olduğunu bildirib: "Belə böyük yarışların ölkəmizdə keçirilməsi Azərbaycanı dünyaya tanıdır. Bütün bunları görüb çox sevinirik".
Milli.Az