Boks yarışlarının dördüncü günü kişi boksçularımızın parlaq qələbələri ilə yadda qalıb

Boks yarışlarının dördüncü günü kişi boksçularımızın parlaq qələbələri ilə yadda qalıb
00:08 20 İyun 2015
71 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 19-da “Baku Crystal Hall”da keçirilən boks yarışlarının dördüncü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günü kişi boksçularımız üçün uğurlu olub.
Səhər seansına qadın boksçuların 48-51 və 69-75 kiloqram çəki dərəcələrində səkkizdəbir final qarşılaşmaları ilə start verilib. Bu mərhələdə rinqə çıxan Azərbaycan boksçusu Anaxanım Ağayeva polşalı rəqibi Sandra Drabikə məğlub olaraq Avropa Oyunlarındakı çıxışını erkən bitirib.
Yarışlarda Türkiyə, Bolqarıstan, Böyük Britaniya, Polşa, Belarus (48-51 kq), Almaniya və Ukraynadan (69-75 kq) olan qadın idmançılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Kişi boksçuların yarışında isə rinqə 46-49, 56 və 81 kiloqram çəki dərəcələrində dəri əlcək ustaları çıxıblar. Rinqə çıxanlar arasında Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev də olub. Boksçumuz rumıniyalı Nikolae Andreiana ilə qarşılaşmadan qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.
T.Əliyevdən başqa, İrlandiya, İsrail, Rusiya (46-49 kq), Danimarka, İtaliya, Rusiya (56kq), İtaliya və Bosniya və Herseqovina (81 kq) idmançıları da növbəti mərhələyə yüksəliblər.
Günün ikinci yarısında 48-51 kiloqram çəki dərəcəsində çıxış edən qadın boksçular mübarizə aparıblar. Axşam seansında Azərbaycanın daha üç boksçusu rinqə çıxıb.
İdmançılarımızdan ilk olaraq mübarizəyə 69-75 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Cavadova başlayıb. Təəssüf ki, idmançımızın çıxışı uğursuz alınıb və o, Rusiya təmsilçisi Yaroslava Yakuşinaya məğlub olaraq mübarizəni səkkizdəbir finalda dayandırıb.
Kişi boksçularımızdan isə 81 kiloqramda Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov və 91 kiloqramdan yuxarı çəki dərəcəsində ikiqat dünya çempionu, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rinqə çıxıblar. Boksçularımız müvafiq olaraq Polşa və Gürcüstan təmsilçiləri Jordan Kulinski və Mixeil Baxtidze ilə qarşılaşıblar. Hər iki idmançımız rəqibini 3:0 hesabı ilə məğlub edib.
Axşam saatlarında qadınların və kişilərin mübarizəsində 5 çəki dərəcəsində ümumilikdə 20 görüş keçirilib.
Qadınların mübarizəsində 48-51 kiloqram çəki dərəcələrində Rusiya, İrlandiya və Niderland, 69-75 kiloqramda çəki dərəcələrində isə İsveç və Rusiya boksçuları növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.
Kişilərin yarışında isə 56, 81 və 91+ kiloqramda Azərbaycan idmançılarından başqa, Bolqarıstan, Belarus, Almaniya, Böyük Britaniya, Kosovo, Ukrayna, Rusiya, Niderland, Türkiyə və Fransa təmsilçiləri dörddəbir finala vəsiqə qazanmaqla azarkeşlərini sevindiriblər.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_yarislarinin_dorduncu_gunu_kisi_bokschularimizin_parlaq_qelebeleri_ile_yadda_qalib-865489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı