Moskva, 20 iyun, AZƏRTAC
Rusiyalı karateçi, beşqat Rusiya çempionu, Avropa çempionu, şotokan karate üzrə ikinci dan sahibi, Rusiyanın idman ustası Denis Klyuyev “karate.ru” portalına verdiyi müsahibədə deyib: “Əminəm ki, Bakıda keçirilən birinci Avropa Oyunları karatenin Olimpiada proqramına daxil edilməsi yolunda böyük bir addım olacaq”.
Avropa Oyunlarında ən yaxşı karateçilərin iştirak etməsini vurğulayan D.Klyuyev qeyd edib ki, Azərbaycan karateçisi, dördqat dünya çempionu, doqquz dəfə Avropa çempionu, beşinci dan sahibi, karate üzrə Azərbaycan yığma komandasının kapitanı Rafael Ağayev, gözlənildiyi kimi, hərtərəfli mükəmməllik nümayiş etdirdi - həm sürət, həm taktika və həm də cilalanmış texnika!
“Yarışların təşkilində nöqsanlar vardımı?” sualının cavabında D.Klyuyev qeyd edib ki, elektron biletlərin dəyişdirilməsindən başlamış, bütün Oyunlar dövründə şəhərdə pulsuz transferə qədər hər şey əla təşkil edilib. Şəhərin hər yerində minlərlə volonter istənilən məsələnin həllinə kömək etməyə hazırdır.
Rusiyalı məşhur karateçi Bakıya səfərindən aldığı xoş təəssüratları bölüşərək deyib: “Turnirdə iştirak etməkdən adrenalin və müsbət emosiya, böyük bayram ab-havası duydum. Orada Ufadan olan gənclərlə rastlaşdıq. Onlarla bərabər bizim idmançılara azarkeşlik etdik, Azərbaycan mətbəxinin ləziz yeməklərinin dadına baxdıq. Bakıda Dənizkənarı bulvarda gəzintilər xatirimizdə qaldı. Bakılılar çox səmimi insanlardır. Bir fakt məni çox heyrətləndirdi ki, yaxın vaxtlarda tikilmiş, 68 min tamaşaçı tutan Olimpiya Mərkəzində Avropa Oyunlarının açılış mərasimində Rusiya nümayəndə heyəti parada çıxanda stadionda hamı ayağa qalxaraq bizi alqışladı. Mən həmin anda hədsiz qürur hissi keçirdim!”.
D.Klyuyevin sözlərinə görə, Avropa Oyunlarına gedərkən gözlədiyi bütün ümidlər doğrulub. O deyib: “Bremendə olarkən başa düşdüm ki, hökmən Avropa Oyunlarına getməliyəm. Bakıya yola düşəndən bir ay əvvəl bir qədər tərəddüd etməyə başlamışdım, lakin yarışların elə ilk günündə bütün şübhə və tərəddüdlərim yox oldu. Hədsiz razıyam. 2018-ci ildə karate üzrə Avropa çempionatını Azərbaycanda keçirməyi vəd edirlər. Gözləyəcəyik!”.
Fəridə Abdullyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva