Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqası yarışlarının 2015/2016-cı il mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, son ölkə çempionu və kubokun qalibi olan “Qarabağ” Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mərhələdə Monteneqronun “Rudar” klubu ilə üz-üzə gələcək.
Bu mərhələnin ilk oyunları iyulun 14-15-də, cavab görüşləri isə iyulun 21-22-də keçiriləcək.