[ 24 İyun 2015 11:46 ]


Bakı. Ağa Cəfərli-APA. “Azərbaycan Respublikasının Hərbi Doktrinasının, Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyasının yeni layihələri işlənib, Milli Təhlükəsizlik Konsepsiyasına daxil ediləcək ölkənin müdafiə qabiliyyətinin inkişafına dair təkliflər hazırlanıb”.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Müdafiə naziri bildirib ki, son illərdə Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb: “Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür”.