Siyəzən, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 24-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə Şöbəsi Siyəzəndə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədi ilə seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirə “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi, torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmaların qarşısının alınması” və “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzularını əhatə edib.
Yerli icra strukturlarının, bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Xaçmaz regional ədliyyə şöbəsinin rəisi Rasim Məlikov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Seminarın gedişində qeyd olunan mövzulara uyğun məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bununla yanaşı, müzakirələr zamanı yeni seçilən bələdiyyə üzvlərinin üzləşdiyi mübahisəli məsələlər, vergilərin yığılması və bələdiyyə mülkiyyətində olan torpaqları zəbt edən vətəndaşlara qarşı hüquqi aktların tərtib edilməsi ilə bağlı seminar iştirakçılarına tövsiyələr verilib.
Bundan əvvəl eyni mövzuda seminarlar Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında da keçirilib.