Berlin, 29 iyun, AZƏRTAC
"Alman dalğası" agentliyinin verdiyi məlumata görə, Avrozona ölkələri Yunanıstanda yaranmış vəziyyətlə əlaqədar "böhrana yoluxmaq təhlükəsi"ni qabaqlamaq üçün zəruri tədbirlər görmək əzmindədirlər.
Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bu sözləri Avrozona maliyyə nazirlərinin bu zonada iqtisadi sabitliyin qorunması üçün atılmalı addımları müzakirə etmək məqsədilə keçirilən görüşünün yekunlarına əsasən söyləyib. Nazirin fikrincə, avro ilə bağlı vəziyyət sabitləşib, lakin yaxın günlərdə Yunanıstanı çətin problemlər gözləyir. Ölkə sakinləri banklardakı əmanətlərini çıxarmaq üçün artıq indidən növbəyə düzülürlər.
Volfqanq Şoyble vurğulayıb: "Bizi çətin günlər gözləyir". Lakin nazir onu da qeyd edib ki, indiki şəraitdə Afinaya yardım proqramının müddətinin artırılması barədə söhbət belə ola bilməz. Onun sözlərinə görə, kreditorların Yunanıstana maliyyə dəstəyi proqramının müddətini beş ay artırmaq təklifindən yunanların imtina etməsi hamı üçün sürpriz olub. O, daha sonra qeyd edib ki, danışıqların uğursuz olmasına baxmayaraq, Yunanıstan Avropa İttifaqının tamhüquqlu üzvü olaraq qalacaqdır.
Avroqrup Yunanıstana Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə ödənişlərin yerinə yetirilməsi üçün əlavə möhlət verməkdən imtina edib və iyunun 30-dan sonra Yunanıstanda islahatlar proqramı razılaşdırılmayınca maliyyə yardımı proqramının müddətini artırmayıb.
Kreditorlar Yunanıstan hökumətindən sosial ödənişlərin məbləğinin azaldılmasını və əlavə dəyər vergisinin artırılmasını tələb edirlər. Rəsmi Afina isə bu tələblə razılaşmır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin