Çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək

16:13 22 Yanvar 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 22 yanvar, AzərTAc
Naxçıvan Dövlət Universitetində (NDU) boks üzrə böyüklər arasında keçirilən Azərbaycan Respublikası çempionatının qalibi və universiteti təmsil edən digər iştirakçılarla görüş keçirilib.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, görüşdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib.
Qeyd olunub ki, muxtar respublikada idmanın ən müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər regionda idmanın daha geniş vüsət alması ilə nəticələnib. “Azərbaycan ali məktəblərinin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə 2014-cü ilin nəticələrinə görə, ölkə üzrə birinci yer qazanan NDU idman sahəsində də bir çox tarixi uğurlar əldə edib.
Rektor tələbə boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə idmançı tələblərə stimul verəcək, onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacaq.
Çempion Tayfur Əliyevin məşqçisi, boks üzrə idman ustası Valeh Əlixanov çempionat haqqında məlumat verib. Bildirib ki, ilk dəfə böyüklər arasında yarışda iştirak edən tələbə Tayfur Əliyev (56 kq) haqlı olaraq Azərbaycan çempionatının tapıntısı kimi qiymətləndirilir. 17 yaşlı boksçu 4 döyüşü tam üstünlüklə başa vurub, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib.
Tələbə boksçu finalda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş “Qızıl əlcək” mükafatının da qalibi olub. Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb. İnanırıq ki, tələbə idmançı burada da Vətənimizi, təhsil aldığı universiteti layiqincə təmsil edəcək. Çempionatda iştirak edən digər boksçu tələbələr – Sənan Quliyev, Yunis Allahverdiyev, Arif Bayramov, Zəfər Ağamalıyev də çempionatın 4/1 finalında uğurla iştirak ediblər.
Boks üzrə Azərbaycan Respublikasının çempionu Tayfur Əliyev qələbə sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə şəraitində, güclü rəqiblərlə keçirildiyini qeyd edib, universitet rəhbərliyinə, məşqçilərinə minnətdarlığını bildirib.
Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çempion Tayfur Əliyevi və onun məşqçisi Valeh Əlixanovu pul mükafatı və hədiyyələrlə təltif edib, çempionatın iştirakçısı olan digər tələbələrə hədiyyələr təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR