“Beynəlxalq sülh günü”nə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

16:33 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Türkan Abdullayeva, AzərTAc
Yanvarın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Beynəlxalq sülh günü”nə həsr olunmuş “Xalqların sülh hüququ” rəsm müsabiqəsi iştirakçılarının əsərlərindən ibarət sərgi və qaliblərin təltifolunma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, uşaq və gənclər arasında elan edilən rəsm müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) UNESCO Mərkəzi və tərəfdaşları UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, “Em Art” rəsm studiyası, Azərbaycan Rəssamlar İttifaqı, “ASAN Könüllüləri” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov dünyada sülhün vacibliyini vurğulayaraq rəsm əsərlərində uşaqların sülh düşüncələrini əks etdirdiyini söyləyib və onlara uğurlar arzulayıb.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva layihəni yüksək qiymətləndirərək ona dəstək verdiklərini qeyd edib.
O, ötən ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclasının keçirildiyini vurğulayaraq bu əsərlərin həmin tədbir çərçivəsində sərgiləndiyini və qonaqların rəsmlərlə tanış olduğunu bildirib.
G.Əfəndiyeva bu ilin UNESCO üçün əlamətdar olduğunu söyləyib. Belə ki, cari ildə UNESCO-nun 70 illiyi qeyd olunacaq. Bu münasibətlə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçiriləcək.
Vurğulanıb ki, uşaqların arzularının, istəklərinin əks olunduğu bu rəsmlərdən ibarət sərgi UNESCO-nun himayədarlığı ilə reallaşdırılan ilk tədbirdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu layihənin uşaqların həyatında yaddaqalan hadisə olacağını söyləyib. Bildirib ki, belə layihələri həmişə dəstəkləməyə hazırdırlar.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov 6-18 yaş arası iştirakçıların qatıldığı müsabiqəyə gözəl əsərlərin təqdim edildiyini bildirib.
DİA-nın UNESCO Mərkəzinin rəhbəri Cahangir Hacıyev layihə barədə məlumat verərək bildirib ki, müsabiqə 3 yaş qrupu üzrə keçirilib. Bunlar 6-9, 10-14 və 15-18 yaş arası uşaq və gəncləri əhatə edir. Layihənin təşəbbüskarı “ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvü olan Etibar Qurbanovdur.
Sonra hər yaş kateqoriyasından müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.
Müsabiqənin bütün iştirakçılarına sertifikatlar verilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə 151 əsər nümayiş edilib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan rəsmlərdən 57-si layihənin nəticəsi olaraq hazırlanan kataloqa salınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_sulh_gunune_hesr_olunmus_resm_musabiqesinin_qalibleri_mukafatlandirilib-826749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR