Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

17:32 22 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:29 ]


Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən 14 m3/san azalaraq 118 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 

 

Yanvar ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 3.1 dəfə YVQH-ni keçib. 

 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.53-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR