Naxçıvanda Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” mövzusunda konfrans keçirilib

Naxçıvanda Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” mövzusunda konfrans keçirilib
18:33 22 Yanvar 2015
750 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 22 yanvar, Rauf Əliyev, AzərTAc
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycanın milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” mövzusunda konfrans keçirildi.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Bəhruz Kəngərlinin həyat və yaradıcılığı barədə ətraflı söhbət açıb.
Bildirilib ki, Azərbaycanın rəssamlıq üzrə təhsil alan ilk fırça ustası, əsl ziyalı Bəhruz Şirəli bəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. O, çox qısa ömür yaşamasına baxmayaraq, hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vurğulayıb ki, qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla, həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək deyib: “Bəhruz Kəngərli nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olub. Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar”.
Ülviyyə Həmzəyeva qeyd edib ki, bu gün Bəhruz Kəngərlinin Naxçıvanda möhtəşəm qəbirüstü abidəsi ucaldılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılan Bəhruz Kəngərli yaradıcılığına hər zaman qayğı hiss olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2001-ci il fevralın 15-də “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına sərgi salonu adlandırılıb və Naxçıvan Rəssamlar Birliyinin balansına verilib. 2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd edilib. Həmin il Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli muzeyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında “ 2012 –ci il 12 yanvar tarixli Sərəncamı Bəhruz Kəngərlinin yaradıcılıq irsinə göstərilən böyük diqqət və qayğının bir nümunəsidir.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev deyib ki, Bəhruz Kəngərli vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki, rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub.
Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.
Bəhruz Kəngərli muzeyinin direktoru Mahir Məmmədov bildirib ki, tanınmış rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxsiyyətlərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Rəssamın azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş qaçqın soydaşlarımızın taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir.
“Bu gün Bəhruz Kəngərli muzeyində Kəngərli irsinə aid 800-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 353 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır”,- deyən Mahir Məmmədov qeyd edib ki, sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib. O, təkcə bir rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir.
Tədbirdə rəssam Məmmədəli Ələkbərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sonsuz məhəbbətindən söhbət açaraq, onun yaradıcılığının gələcək nəsillər üçün nümunə olduğunu bildiriblər.
Konfransın iştirakçıları Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarını ziyarət ediblər. Daha sonra Bəhruz Kəngərli muzeyinə gələn iştirakçılar rəssamın rəsm əsərləri və digər eksponatlarla tanış olublar.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_Behruz_Kengerlinin_anadan_olmasinin_123_cu_ildonumu_munasibetile_Yurdunu_seven_ressam_movzusunda_konfrans_kechirilib-826804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR