Fransalı yazıçı-publisist Azərbaycan qadınları haqqında kitab yazır

Fransalı yazıçı-publisist Azərbaycan qadınları haqqında kitab yazır
19:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Fransalı yazıçı-publisist Jan Luis Gouard ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olub.
Şuranın sədri Azay Quliyevlə görüşdə J.L.Gouard deyib ki, Azərbaycanın çövkən milli oyununun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən sonra bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Qarabağ atları” kitabının Kann şəhərində təqdimatı olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L. Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.
Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini söyləyib. Bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq dünyaya tanıdılır.
Qonağın diqqətinə çatdırılıb ki, Şura ötən iki il ərzində bu istiqamətdə Avropa ölkələrini təmsil edən onlarla QHT-nin layihəsinə dəstək verib və bu iş indi də davam etdirilir. Şura sədri xarici QHT-lərin 2014-cü ildə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender məsələləri ilə bağlı hazırladığı hesabatın Fransa Senatında təqdimatını xatırladaraq ölkəmizin ictimai, siyasi və sosial həyatında qadınların mühüm rolundan danışıb. O, rəhbərlik etdiyi qurumun yazıçıya hazırda üzərində çalışdığı kitabın hazırlanması, nəşri və tərcüməsi ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR