Gəncə şəhərində Mətbuat Evinin açılışı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tikintisinə 2011-ci ildən başlanan “Azərmətbuatyayımı” ASC-nin Gəncə Mətbuat Evi istifadəyə verilib.
Açılış mərasimində Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbərləri iştirak edib.
Bildirilib ki, Gəncə Mətbuat Evinin tikintisinə 2011-ci ildə başlanıb. 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində konfrans keçirmək üçün zal, 2-3-cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan media nümayəndələrinin gecələmələri üçün xüsusi otaqlar yaradılıb.