Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (35-ci say) təqdim edir.
Şou-biznes əhlinin biznesmen kişiləri bölüşdürə bilmədiyi bir vaxtda hamınızı xoş gördük. Səhərdən həftənin ən maraqlı xəbərlərini seçməyə çalışıram. Amma xəbər o qədər çoxdur ki, bilmirəm haradan başlayım...
Aparıcı Zaur Kamal canlı yayımda müğənni Günel Ələkbərovaya elə bir sual verib ki, dörd gündür hamı həmin sualın cavabını axtarır. Düşünməyin ki, Zaur Güneldən orta əsrlər tarixindən, yaxud qədim dünya tarixindən nəsə soruşub. Amma o, bu sualın müqabilində müğənninin əri ilə üz-üzə gəlməli olacaq. Həmin məşhur sual belədir:
"Ümumiyyətlə, qızının atası kimdir? Uşaq atası ilə heç olmasa telefonla da olsa danışırmı?"
Maraqlı sualdır, deyilmi? Amma bir o qədər də fəlsəfi, elmi, bədii, şouvari...
Günelin cavabı da yetərincə maraqlı alınıb. Deyib ki, qızım atasının və anasının qayğısıyla böyüyür və şəxsi ailə məsələlərinin heç kimə dəxli yoxdur. Ən axırda da deyib ki, bəli, qızının atası ailəlidir və uşağın özündən böyük bacı-qardaşı da var. Lakin mən bir şeyi başa düşmədim. Günel müsahibədə deyib ki, Zaura efirdə iki kəlmə deyərdim, quruyub yerində qalardı. Əcəba, aparıcının müğənninin yanında nə gözükölgəliliyi var? Çox dərinə getmədən keçək növbəti xəbərə.
Xalq artisti Niyaməddin Musayev çoxdandır nə efirlərdə, nə mətbuatda gözə dəyir. Amma parodiyaçılar sənətkarı dilə gətiriblər. Deyib ki, parodiya etmək yaxşı işdir, o da əndazəsində. Sonra əlavə edib ki, ifasını parodiya edəndə xoşuna gəlsə də, onun danışıq tərzini düzgün yamsılaya bilmirlər:
"Birdən mənim danışığımı elə parodiya edirlər ki, əsəbləşirəm. Mənim heç o formada ləhcəm olmayıb. Parodiyaçıların danışıq mədəniyyətləri yoxdur. Öz ləhcələri ilə ağızlarına gələni deyirlər. Bu da adamın imicinə toxunur. Amma oxumağımı yaxşı yamsılayırlar. Buna görə onlara çox sağ ol deyirəm. Bu da bir təbliğatdır".
Vallah, adamın qəlbinə, ürəyinə, heysiyyatına, ondan sonra canım sizə desin, könlünə toxunmağı eşitmişdim. Amma imicinə toxunmaq təzə kəşfdir. Görərsiniz, gələn həftədən bu söz şou əhlinin dilinə düşəcək. Məsələn, bir müğənni bir şoumeni onun imicinə toxunduğuna görə məhkəməyə verəcək. Məhkəmədə də hakim soruşacaq ki, xanım, suala görə üzr istəyirəm, o imic deyirsiniz ha, o sizin haranızdadır? Nə isə, uzun söhbətdir...
Aktrisa Ülviyyə Əliyevadan keçmiş həyatı barədə soruşublar. O da açıb sandığı, pambıqlar da özünü atıb yerə. Deyib ki, ailəsini rəfiqəsi dağıdıb, sonra da həmin şəxslə özü ailə qurub. Onun dediklərinin hamısını bura yazmaq fikrim yoxdur. Amma məncə, şəxsi həyat barədə bu dərinlikdə məlumatları mətbuata açıqlamaq doğru deyil. Şəxsən mənim üçün aktrisanın qaynatasının ayağını yuyub-yumaması maraqlı və önəmli deyil. Əgər Ülviyyə Əliyeva yeni obrazları, çəkiləcəyi filmlərdən danışsaydı, daha həvəslə oxuyar, dinləyərdim. Yeri gəlmişkən, bu aktrisanın peşəkarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirirəm.
Nazənin-Təranə söhbətindən də xəbəriniz oldu, yəqin ki... Məhkəmə Nazənini haqlı hesab etdi. İddialar belə idi ki, guya Nazənin Təranəni əri ilə tutmuşdu, yenə də guya ki, Nazənin də yeddi dəfə ərdə olmuşdu. Məhkəmə də Nazəninin xeyrinə qərar çıxarıb. Ümumiyyətlə, namus-qeyrət məsələsinin məhkəmədə nə işi var axı? Oturun sayın, görün kim neçə dəfə ərdə olub, kim kimlə harada yatıb-durub, qurtarsın getsin də. Məhkəmənin o qədər işi-gücü var ki... Sadəcə, burada bir balaca səmimi olmaq lazımdır. Yeri gəlmişkən, Təranə Qumral Nazəninin həyat yoldaşı barədə qeyri-etik bir status yazıb. Oxuculara hörmət əlaməti olaraq nə yazıldığını burada qeyd etmirəm. Çox güman ki, həmin status növbəti məhkəmənin predmeti olacaq. Allah hər iki sənətçiyə qüvvət, o haqqında söhbət gedən Məhəbbət müəllimə də səbir versin.
Xatirə İslamın ayağının fotosunu paylaşması bir həftədir sosial şəbəkələrdə müzakirə olunur. Biri deyir ki, ayaqlarınız qəşəngdir, amma gərək paylaşmazdınız. Digəri deyir ki, ümumiyyətlə, bu ayaqların internetdə nə işi var? O biri deyir ki, xalq öz müğənnisinin hər dərdindən, hər sərindən hali olmalıdır. Bilməyənlərə xatırladım ki, müğənni "zaqar" alandan sonra ayağının fotosunu paylaşmışdı.
Sonda sizə şou-biznes haqda eşitdiyim bir lətifəni danışmaq istəyirəm. Deməli, iki xanım müğənni yolla gedirmiş. Birinin yaşı təxminən 45-50, o birinin yaşı isə 30-35 imiş. Görürlər ki, bir cavan oğlan oturub elə ağlayır ki... Yaxınlaşıb nə olduğunu soruşanda oğlan deyir ki, anam rəhmətə gedib, amma dəfn etməyə, mərsiyyə deməyə, ağlamağa adam tapmıram, kimsəsizəm... Nə isə müğənnilər razı olurlar və bu oğlanla onun evinə gedirlər. İçəri girəndə görürlər ki, evdə nə ölü var, nə də diri. Sən demə, oğlan bunlara "torba tikibmiş". Oğlan arzusuna çatandan sonra müğənnilər evdən çıxıb yenə yolla gedirlər. Birdən 30-35 yaşlı müğənni deyir ki, bəs ərimə nə cavab verəcəyəm? Əgər o bilsə ki, ona başqa kişiylə... İkinci müğənni deyir ki, səni bilmirəm, amma mən bu rəhmətlik arvadın üçündə, yeddisində, hətta lazım olsa, qırx mərasimində də canla-başla, necə lazımdır iştirak edəcəyəm. Di salamat qalın.
Milli.Az