Bakı, 15 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu ilin birinci yarısının yekunları ilə bağlı kollegiya iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
Məlumat verilib ki, ölkəmizdə sosial iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib, bir sıra uğurlara imza atılıb. Bu sahədə gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir.
Daha sonra kollegiya iclasında ilin birinci yarısında rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.