Bakı, 17 iyul, Zərəngiz Mansurova, AZƏRTAC
İyulun 16-da Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Binəqədinin dostları” mətbuat klubunun təşkilatçılığı ilə “Mənim mətbuat katibim” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizdə media nümayəndələrinə göstərilən dövlət qayğısından söhbət açıb.
Çıxış edənlər milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən silsilə tədbirlərlə geniş qeyd olunduğunu bildiriblər.
“Mənim mətbuat katibim” layihəsinin rəhbəri Gülşanə Mustafayeva jurnalistlər arasında sosial sorğu keçirib. Sorğunun nəticələrinə əsasən qalib olan mətbuat katiblərinə mükafatlar təqdim olunub. Sonra ölkədə baş verən yenilikləri operativ işıqlandıran jurnalistlərə də mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşları da var.
Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.