Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan “Kəndlərdə yaşıl turizmin inkişafına dəstək” layihəsi çərçivəsində üçüncü təlim Oğuz rayonunun Xal-Xal kəndində təşkil edilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, rayon gənclər və idman idarəsinin dəstəyi ilə həyata keçirilən layihənin icrasına bu ilin mayında başlanılıb. Layihənin əsas məqsədi Oğuz rayonunun kəndlərində aztəminatlı gənc ailələr, gənc sakinlər arasında yaşıl turizmi stimullaşdırmaqla onların məşğulluğunun artırılmasına, kəndlərdə infrastrukturun yaradılmasına dəstək verməkdir. Həmçinin kəndlərdə yaşayan gəncləri yeni peşə və ixtisaslara həvəsləndirməklə onlarda öz imkanlarından səmərəli istifadə bacarıqlarının formalaşdırılmasıdır.
Təlimin açılışında rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov layihə iştirakçılarına uğurlar arzulayıb.
Oğuz rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülnar Haşımova müəllifi olduğu layihənin əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verib, kənd turizminin dünyada geniş yayıldığını vurğulayıb.