Bakı, 23 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, iyulun 24-dən avqustun 1-dək 6 nömrəli məktəb-liseydə görkəmli şahmatçı, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, İran, Gürcüstan təmsilçiləri ilə yanaşı, Fransa şahmatçıları da mübarizəyə qoşulacaqlar. Artıq qeydiyyat başa çatıb və ilk turun rəqibləri müəyyənləşib. Beynəlxalq turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, azərbaycanlı şahmatçı Məhəmməd Muradlıdır (2052).
Doqquz turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək Vüqar Həşimov memorialında 120-dək yeniyetmə şahmatçı iştirak edəcək.
İyulun 24-də turnir iştirakçıları əvvəlcə beynəlxalq qrossmeysterin ikinci Fəxri xiyabanda məzarını ziyarət edəcəklər. Sonra turnirin rəsmi açılış mərasimi və ilk turun oyunları keçiriləcək.
Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı, eyni zamanda, “Baku Open 2015”, gümüş mükafatın sahibi isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarında ödənişsiz olaraq qalmaq və yemək imkanı əldə edəcəklər. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də təltif olunacaqlar.
Hər yaş qrupunun qalibləri (oğlan və qız) qiymətli hədiyyələr, medallar və diplomlarla təltif ediləcək.
Beynəlxalq turnirin baş hakimi – FİDE hakimi Cavanşir Bağırov olacaq.
Xatırladaq ki, ötənilki turnirin qalibi Bakı şahmatçısı Kənan Qarayev olmuşdu.