Naxçıvan, 24 iyul, Rauf Əliyev, AZƏRTAC
Naxçıvanda güləş idman növünə göstərilən diqqət və qayğı yeni-yeni nailiyyətlərin qazanılmasına şərait yaradır. Bu da gələcəkdə güləş idman növünün daha da inkişaf edəcəyindən, Naxçıvanda çoxsaylı beynəlxalq səviyyəli güləşçilərin yetişəcəyindən xəbər verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyulun 22-23-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışda naxçıvanlı idmançıların göstərdiyi yüksək nəticələrdən danışan Olimpiya dərəcəli hakim Bəhmən Talebi deyib.
Bəhman Talebi bildirib ki, muxtar respublikada güləş idman növünün daha da inkişafı üçün həyata keçirilən bütün tədbirlər, görülən işlər Dünya Güləş Birliyinin qaydalarına əsasən aparılır. Bundan başqa, qədim diyarda keçirilən “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış yüksək səviyyədə təşkil olunub, idmançıların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər şey düşünülüb, heç bir təfərrüat diqqətdən yayınmayıb. Bütün bunlar Naxçıvanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməkdə böyük təcrübə qazandığından xəbər verir.
Muxtar respublikada idman infrastrukturunun mövcud vəziyyəti ilə də tanış olduğunu deyən Olimpiya dərəcəli hakim qeyd edib ki, Naxçıvanda idmanın inkişafı istiqamətində görülən işlər onu valeh edib. Bütün bu görülən işlər sübut edir ki, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahədir. Bunun nəticəsidir ki, Naxçıvan idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.