Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Sankt-Peterburqdakı Konstantinovski sarayında 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcəklər. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar püşkatma mərasimində iştirak etməyəcək.
Püşkatma üçün milli komandalar 6 səbətə bölünüb. Azərbaycan millisi 5-ci səbətdə Kipr, Latviya, Finlandiya, Belarus, Makedoniya, Litva, Moldova və Ermənistan yığmaları ilə birgə yer alıb.