Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Azərbaycan Xalça Muzeyində “Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mədəniyyət ocağının uşaq muzeyi şöbəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaqlarda xalça və xalq tətbiqi sənətinə olan sevgini, diqqəti və bilikləri aşılamaq və daha da təkmilləşdirməkdir.
Şöbənin müdiri Azər Abdullayev bildirib ki, layihənin icrasına cari ilin iyununda başlanılıb. Diqqətə çatdırıb ki, layihədə Xalça Muzeyinin dərnəyinə üzv olan uşaqlar və muzeylə tanışlıqdan sonra milli adət-ənənələrimizi yaşadan xalça və tətbiqi sənətimizə maraq göstərən məktəblilər iştirak ediblər. Layihəyə qoşulmuş 20-dək uşaq mərhələlərlə xalça və ya xalq tətbiqi sənətinə aid eksponatların fotoşəkilini çəkib. Daha sonra həmin fotolar haqqında muzey daxilində (kitabxana, mütəxəssislər) məlumatlar toplayıblar.
Uşaqlar şəklini çəkdikləri nümunələr barədə təqdimatla çıxış ediblər. Layihəyə uşaqlar tərəfindən hazırlanmış, Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunan “Çələbi”, “Nəvə-nəticəli buta”, “Yaranış”, “Göyçə”, “Şeyx Səfi”, “Qız qalası”, “Səttarın arzusu”, “Nizami”, “Namazlıq” və s. xalçalar, “Məfrəş” xalça məmulatı, “Milli geyimlər”, “Mis qablar” daxildir.
Uşaqların çıxışlarını və hazırladıqları fotolayihələri Xalça Muzeyinin direktoru, professor Röya Tağıyeva, xalçaçı rəssam Eldar Mikayılzadə və əməkdar rəssam Natiq Səfərovdan ibarət münsiflər heyəti qiymətləndirib. Onların qərarına əsasən Güllü Mehdizadə birinci, Nəzrin Sadıqova ikinci, Aynur Mehdi isə üçüncü yerlərə layiq görülüblər. Qaliblərə və layihədə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.
Tədbirin ikinci hissəsində uşaq muzeyi şöbəsi tərəfindən xalça toxunuşunun nümayişi, milli geyim növləri, xalça elementləri təsvir olunmuş vərəqlərin rəngləməsi və “Face-art” təşkil edilib.




