Müstəqil ODA teatrının "MimOda" tamaşası son günlər geniş mübahisələrə səbəb olub. Tamaşadakı açıq-saçıq səhnələr teatra gələnlərin qəzəbinə səbəb olandan sonra rejissor Ayaz Salayev ODA-çıları müdafiə edib. Onun "Aktrisalarımız incəsənət naminə soyunmalıdırlar" fikri bəzi sənət adamlarını qıcıqlandırıb. Xalq artisti Ramiz Məlik Ayaz Salayevin ünvanına sərt sözlər deyib, onu pozğunluqda ittiham edib.
ODA-nın tamaşası niyə qəzəblə qarşılanıb, niyə bizdə nəinki sıravi tamaşaçılar, hətta sənət adamları qəlibləri aşmaq istəmirlər? Ümumiyyətlə, soyunmaq sənət göstəricisi sayıla bilərmi?
Milli.Az bu suallara aydınlıq gətirmək üçün tanınmışlara üz tutub.
Kinoşünas Aygün Aslanova əsas məsələnin soyunmaqda yox, necə soyunmaqda olduğunu düşünür: "Baxır, necə soyunursan. Əgər bunu estetik, gözoxşayan şəkildə eləyə bilirsənsə, niyə də yox?! Sənət əsəri - tamaşa, film, klip - mücərrəd şəkildə, öz-özünə mövcud deyil. Onun müəllifi var: rejissor, ssenarist, dramaturq. Onlar yaratdıqları əsərlə nəsə demək istəyirlər, yəni hər bir əsərin müəyyən bir ideyası olur. Əgər bu ideyanı çatdırmaq üçün personaj çılpaq olmalıdırsa, deməli, belə də olmalıdır. O personajı canlandıran aktyor, aktrisa da soyunmalıdır. Çünki əsər və müəllif bunu tələb edir.
Kinoşünas soyunub-soyunmamağın həm də bir seçim məsələsi olduğunu deyir: "Bütün hallarda bu seçim məsələsidir. Bir aktrisa, ya da aktyor təklif olunan rolu oynamaq istəməyəndə heç kim ona yalvarmır. Rolu başqasına verirlər, vəssalam. O ki qaldı bizim sənət adamlarının mühafizəkarlığına, bu, bəzi istisnalarla, əksər hallarda cahilliyin doğurduğu mühafizəkarlıqdır. Cahil olduqlarına görə əsl sənətkara xas cəsarətdən, yanğıdan məhrumdurlar. Məsələn, bütün dünyada belə bir ideya var: sənətçi hər zaman standartlara, qəliblərə müxalif olmalıdır. Əks halda, sənət inkişaf etməz. Bizdə isə əksinədir, sənətçilərimiz konformistdirlər. Rahatlıqlarını pozmaq istəmirlər".
Aygün Aslanovanın Ramiz Məlik-Ayaz Salayev qalmaqalına münasibəti isə belədir: "Belə deyək, Ramiz Məlik də, Ayaz Salayev də diplomu eyni yerdən alıblar. Sadəcə, Ayaz müəllim əldə elədiyi ilə kifayətlənməyib, oxuyub, analiz eləyib, fikirləşib, yenə oxuyub, yenə fikirləşib. Ramiz Məlik isə yox".
Həmsöhbətimiz maraqlı bir fakta da diqqət cəlb edir: "Yeri gəlmişkən, vaxtilə Ramiz Məlik də "O qızı tapın" filmində erotik səhnələrə çəkilib. Düzdür, soyunmurlar, amma öz dövrü üçün cəsarətli səhnədir".
Şair Aqşin Yeniseyin fikrincə, soyunmaq hələ sənət demək deyil: "Mənim fikrimcə, heç bir sənətin lütlənmək, seksual ünsiyyət kimi ali ideyası yoxdur. Bu daha çox şəxsi həyatı hərəm həyatı kimi keçən müəlliflərin və dəyərlər sistemi oturuşmamış cəmiyyətlərin ən ümdə problemi ola bilər. Və şükür allaha ki, həm bizim müəlliflərin, həm də cəmiyyətimizin bu barədə mövzu qıtlığı yoxdur. Biz o qədər qapalı bir təfəkkür tərzinə uyğun ömür yaşayırıq ki, yanğımızı nəinki soyunmaqla, bir qat da dərimizi soymaqla da söndürə bilmərik. Kaş o teatrı yaradanlar bu səhnə azadlığının estetikası haqqında da bir-iki cümlə yaza biləydilər. Biz sənət adı altında şappadan soyunub-tökdüyümüz üçün ağsaqqallarımız dik atılırlar. Yəni biz "Doqvil" kimi filmlə nə vaxt cəmiyyətimizi heyrətləndirib doyuzdurduq ki, indi lütlənməklə, bir-birimizi yalamaqla onun emosiyalarına təsir etmək istəyirik? Biz "Doqvil" çəksək, cəmiyyət özü soyunacaq".
Yazıçı Azad Qaradərəli isə bu mövzuyla bağlı məqalə yazıbmış: "Mən "Yazı" jurnalında yeni naturalizm adlı cərəyandan bəhs etmişəm. Orada əsas qayə budur ki, bəşəriyyət sözün bütün mənalarında öz kökündən qopmaq üzrədir. Bütün sahələrdə naturalizm arxa plana keçib. Bu həm təbiətdə, həm də cəmiyyətdə belədir. Qadınlar qadınlığını, kişilər kişiliyini yerinə yetirə bilmirlər. Ona görə də lezbiyanlar, geylər, mavilər sürətlə artır. Cinsi akt zəifləyir, insanların nəsil artırmaq bacarığı sıfıra enir. GMO məhsullar, GMO ədəbiyyat dünyanı başına alıb. Bu hallar, təəssüf ki, teatra, kinoya və digər incəsənət sahələrinə də aiddir. Ona görə də mən təklif etmişəm ki, ədəbiyyat özünün ilkinə, həqiqi insana, naturalizmə - yeni naturalizmə meyl etməlidir. Bu zaman yazıçılar və digər yaradıcı adamlar həqiqəti, hətta çılpaq həqiqəti olduğu kimi verməyi bacarmalıdırlar. Təbii ki, söhbət əxlaqsızlığın təbliğindən getmir!
Yazıçı Ayaz Salayevlə tam razıdır: "ODA teatrı da ilkə, naturaya meyli ilə fərqlənən teatrdır. Ayaz Salayevin mövqeyini tam müdafiə edirəm. Əgər situasiya tələb edirsə, səhnədə hər şeyə getmək olar. "İncəsənət qurban tələb edir" sözü havadan yaranmayıb axı".
Baş verənlərlə bağlı tanınmış müğənni Nura Surinin də fikirlərini öyrəndik. O deyir ki, Azərbaycanda hər şeyi pərdə arxasında görməyi sevirlər: "Bizdə hər şeyi gizli, pərdə arxasında eləyirlər. Hamı hər işini gizli görür, sonra da onun-bunun qeybətini edib namus-qeyrətdən dəm vurur. Hamı başını aşağı salıb öz işiylə məşğul olsa, başqalarının işinə, həyatına burun soxmasa, çox yaxşı olar. Heyf ki, uzun illərdən sonra da biz dəyişən deyilik".
Sevinc
Milli.Az