Tokio, 7 avqust, AZƏRTAC
Yaponiya hökuməti “Fukusima-1” atom elektrik stansiyasının (AES) yaxınlığında yerləşən Naraha şəhəri üzrə təxliyə barədə göstərişin sentyabrın 5-də ləğv olunmasına dair rəsmi qərar qəbul edib.
Qərar avqustun 7-də nüvə qəzasının nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasının Baş nazir Şinzo Abenin də qatıldığı iclasında qəbul olunub.
Naraha şəhəri 2011-ci ilin martında AES-də baş verən qəzadan sonra əhalisi tamamilə təxliyə edilmiş şəhərlər arasında bu barədə qərarın ləğv edildiyi ilk yaşayış məntəqəsi olacaq.
Nüvə qəzasının nəticələrinin aradan qaldırılması üzrə komissiya, həmçinin cari ayda yerli sakinlərə marketlərin, fermaların və “Fukusima-1” AES-in yaxınlığında yerləşən digər müəssisələrin bərpasına yardım göstərilməsi barədə qərar qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio