ANS TV-nin məlumatına görə, bu ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7893 sığorta müqaviləsi bağlanılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5% azalma deməkdir.
Ümumilikdə daşınmaz əmlakın sığortası ilə bağlı müqavilələrin içərisində yaşayış evi və mənzillərin payı təxminən 70% olub. Əslində Azərbaycanda yaşayış evlərinin sığortası icbari olsa da, bunu etdirməyənlərə qarşı heç bir cəza nəzərdə tutulmur.
Vətəndaşların özləri isə könüllü qaydada sığortaya maraq göstərmir. Məhz bu səbəbdən hökumət məcburetmə mexanizmi üzərində düşünür.
“Mən istisna eləmirəm ki, gələcəkdə hansısa bu və ya digər formada məcburiyyət mexanizmləri də tətbiq olunsun. Beynəlxalq praktikada mexanizmlər var. İndi təbii ki, o mexanizmləri öyrənə-öyrənə hansısa yeni bir qayda bizdə də tətbiq olunacaq”, – deyə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov qeyd edib.
Dünya praktikasında daşınmaz əmlakın icbari sığortasına görə ödənişlərin hissələrə bölünərək işıq və qaz pulu kimi kommunal ödənişlərlə birgə vətəndaşdan məcburi qaydada toplanması təcrübəsi geniş yayılıb.
Mütəxəssislər hesab edir ki, bu yolla həm ödənilən məbləğ vətəndaşın gözünə görünmür, həm də onların riskləri sığortalanmış olur. Hələlik ölkəmizdə hansı mexanizmin seçiləcəyi məlum deyil.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasına görə, sığorta haqları və məbləği bölgələr üzrə fərqlənir.
Bakı şəhəri üzrə sığorta məbləği 25 min manat, illik sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində sığorta məbləği 20 min, sığorta haqqı 40, digər yaşayış məntəqələrində sığorta məbləği 15 min, sığorta haqqı 30 manatdır.
Bu o deməkdir ki, zəlzələ, sel, sürüşmə, vulkan püskürməsi kimi təbii fəlakətlər zamanı sizin əmlakına dəyən zərərin yalnız sığorta məbləğinə bərabər hissəsi ödəniləcək.