Cakarta, 17 avqust, AZƏRTAC
İndoneziya Axtarış və Xilasetmə Agentliyi ölkənin şərqində ATR 42-300 təyyarəsinin qəzaya uğradığı ərazinin fotolarını dərc edib. Fotolarda təyyarənin zərbəsindən qırılmış ağaclar və laynerin parçaları aydın görünür.
Agentliyin rəhbəri Bambanq Soelistinin bildirdiyinə görə, təyyarənin parçaları 100 metrədək əraziyə yayılıb. Fotolarda, həmçinin təyyarənin yalnız kiçik parçalarını görmək mümkündür. Ərazidə olan tüstü təyyarənin qəzadan sonra yandığını deməyə əsas verir.
B.Soelisti, həmçinin əlavə edib ki, xilasetmə əməliyyatı həddindən artıq ağır şəraitdə aparılır. Qatı dumanlı və yağışlı hava şəraiti nəticəsində görüntü sahəsi yalnız bir metr təşkil edir. Buna görə də əməliyyatın avqustun 18-də davam etdirilməsi qərara alınıb.
Bu gün səhər hakimiyyət orqanları “Trigana Air Service” aviaşirkətinə məxsus qəzaya uğramış təyyarənin düşdüyü ərazinin dəqiqləşdiyini bildirmişdi. İndoneziya Polis İdarəsinin rəisi Badrodin Haiti laynerin eniş etməli olduğu Oksibil şəhərindən 12-15 kilometr məsafədə dağa çırpıldığını söyləmişdi. Nəqliyyat naziri İqnasius Conan isə təyyarənin parçalarının 2,5 min metr yüksəklikdə olduğunu demişdi.
Xatırladaq ki, Cayapura şəhərindən Oksibilə uçan ATR 42-300 tipli təyyarənin enişə 10 dəqiqə qalmış radarların ekranından itmişdi. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 49 sərnişin və 5 heyət üzvü olub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta
İndoneziyanın hakimiyyət orqanları itmiş təyyarənin qəzaya uğradığı ərazinin fotolarını yayıblar