Bakı, 17 avqust, AZƏRTAC
Dünyasını 2008-ci ildə dəyişən böyük Azərbaycan müğənnisi Müslüm Maqomayev yaşasaydı bu gün 73 yaşı tamam olacaqdı.
Müslüm Maqomayevin xatirəsini əziz tutanlar, onu daim xatırlayan, bənzərsiz yaradıcılığının vurğunu olanlar bu gün Fəxri xiyabanda əfsanəvi müğənninin məzarını ziyarət edərək onu yad ediblər. Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, böyük müğənninin doğmaları, yaxınları və dostları onun məzarı qarşısına gül dəstələri və əklillər düzüblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xalq Artisti, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov ölkəmizdə vokal sənətin inkişafında Müslüm Maqomayevin əvəzsiz rolundan, unudulmaz ustada ümumxalq məhəbbətindən söz açıblar.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Müslüm Maqomayev iki xalqın övladıdır. O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı.
Tamara Sinyavskaya jurnalistlərə müsahibəsində deyib ki, Müslümün xatirəsi bir an onu tərk etmir: “O, bu sözləri təkrar etməyi sevirdi: “Xatırlayıramsa, yaşayıram”. Mən də eyni sözləri demək istəyirəm. O yaşayır, mənim yaddaşımda, xalqın yaddaşında daim yaşayacaq”.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Fortepiano sinfi üzrə orta musiqi məktəbini, sonra Asəf Zeynallı adına musiqi məktəbini, vokal sinfi üzrə Bakı Konservatoriyasını bitirib. M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.
Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb.
1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.
Müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin izi ilə” (1973-cü il) populyar cizgi filminin qəhrəmanı Trubadur məhəbbət serenadasını Maqomayevin səsi ilə oxuyur.
Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qramofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram” (1995), “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları” (1996), “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.” (2001), “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” (2011) diskləri və s. daxildir.
Onun xidmətləri sadalamaqla bitmir. Əsas məsələ budur ki, M.Maqomayevin bənzərsiz yaradıcılığı planetimizdə saysız-hesabsız insanın qəlbində silinməz iz buraxıb.
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür
“Xatırlayıramsa, yaşayıram!”Bu gün Müslüm Maqomayevin ad günüdür