Bakı, 19 avqust, AZƏRTAC
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əməkdar artist, tanınmış aktyor Ənvər Həsənovun 65 illik yubileyi münasibətilə tədbiri keçirilib.
Kinostudiyadan AZƏRTAC-a bildiriblər ki, qurumun direktoru Müşfiq Hətəmov yubilyarın sənət dünyasından, yaratdığı obrazlar qalereyasından söz açıb.
Diqqətə çatdırılıb ki, 50 ildir kinostudiyada fəaliyyət göstərən Ənvər Həsənov aktyor kimi filmlərə çəkilir, eyni zamanda ikinci rejissor kimi ekran əsərlərinin istehsalı ilə məşğul olur. "Azərbaycan kinosunda onun öz yeri, öz dəst-xətti var. Yaratdığı obrazlar hər zaman tamaşaçıların marağına səbəb olub. 65 yaşını qeyd edən sənətkar bu gün yenə də eyni həvəslə çalışır, yaradır. Kinoda yeni addım atan kadrlar daim onun təcrübəsindən bəhrələnirlər", deyə -direktor bildirib.
Əməkdar artist Elxan Qasımov sənətkarın milli kino tariximizdə layiqli yerini tutmuş obrazlarının - Murad ("Uşaqlığın son gecəsi"), Cəlal ("Yeddi oğul istərəm"), Şahbaz bəy ("Dərviş Parisi partladır") bugünkü gənclərimiz üçün bir örnək olduğunu söyləyib. O, yubilyarı kinostudiyanın kollektivi adından təbrik edərək ona kinomuzun inkişafı naminə gördüyü bütün işlərdə uğurlar arzulayıb.