Bakı, 20 avqust, AZƏRTAC
“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya görüşü ilə əlaqədar olaraq ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun təmirə bağlanacağını bildirib.
Liqadan AZƏRTAC-a bildiriblər ki, bu səbəbdən klub Premyer Liqanın üçüncü turunda “Sumqayıt” ilə matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.
Bunu nəzərə alan Peşəkar Futbol Liqası “Neftçi” – “Sumqayıt” qarşılaşmasının məkanını və vaxtını dəyişib. Beləliklə, görüş avqustun 23-də saat 18:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda başlanacaq.