Bakı, 24 avqust, Elşad Qəzvini, AZƏRTAC
Avqustun 25-dən etibarən Litva, Latviya və Estoniyanın hava məkanını Almaniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr mühafizə edəcək.
AZƏRTAC “luftwaffe.de” saytına istinadən xəbər verir ki, alman təyyarəçiləri Baltikyanı ölkələrin hava məkanını 2015-ci ilin sonunadək qoruyacaq. Şimalı Atlantika Alyansının planlı missiyası əsnasında həyata keçırılən tədbirdə almaniyalı pilotlar son dörd ayda eyni missiyanı həyata keçirən britaniyalı hərbi qulluqçuları əvəz edəcək.
Məlumata görə, sözügedən hər üç ölkə hava məkanlarını mühafizə edəcək potensiala malik hərbi təyyarəyə sahib deyillər. Xatırladaq ki, Litva, Latviya və Estoniya 2004-cü ildən NATO-ya üzv qəbul edilib. Elə həmin vaxtdan Baltikyanı ölkələrin hava məkanını Alyansa məxsus hərbi təyyarələr qoruyur. NATO təyyarələri Litvanın Zoknyay aerodromunda və Estoniyanın Emari aviabazasında dislokasiya olunub.
