Vilnüs, 25 avqust, AZƏRTAC
Sentyabrın 3-də Vilnüsdə NATO qüvvələrinin inteqrasiya vahidinin təntənəli açılışı olacaq. Bununla da həmin hərbi vahidin fəaliyyətinin genişləndirilməsinə start veriləcək.
İyul ayından Litvada fəaliyyət göstərən beynəlxalq hərbi qərargah NATO-nun Bolqarıstan, Estoniya, Latviya, Polşa, Litva və Rumıniyaya inteqrasiya etdiyi Alyans qüvvələrinin altı inteqrasiya vahidindən biridir.
NATO ölkələrinin başçıları Alyans dövlətlərində, o cümlədən Litvada altı inteqrasiya vahidinin təsis edilməsi barədə qərarı ötən il qurumun Uels sammitində qəbul ediblər. Bu hərbi vahidləri fəallaşdırmaq NATO-nun təhlükəsizliyə yeni təhdidlərə reaksiya tədbirlərindən biridir.
NATO qüvvələrinin inteqrasiyası vahidlərinin əsas vəzifəsi yüksək hazırlıqlı qüvvələrin, lazım gələrsə, əlavə çevik reaksiya elementlərinin Baltik ölkələri regionunda yerləşdirilməsini təmin etməkdir. İnteqrasiya vahidləri müttəfiqlərin möhkəmlənməsi potensialının planlaşdırılmasına, müttəfiq qüvvələrin təlimlərinə və onlara tələb olunan dəstəyin təmin edilməsinə, habelə qurumun milli və çoxmillətli qüvvələri arasında əlaqələrin saxlanılmasına məsuliyyət daşıyır.
Alyans qüvvələrinin Vilnüsdəki inteqrasiya vahidi təqribən 40 hərbçidən ibarət olacaq. Bu hərbçilərin təxminən yarısını müttəfiqlərin nümayəndələri təşkil edəcək. Planlaşdırıldığına görə, qərargahda NATO-nun 10-dan çox ölkəsindən nümayəndələr işləyəcək.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs