Bakı, 30 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın son günlərində sərbəst güləşçilər yarışır. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə Azərbaycanı yarışda Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edirlər.
Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yarışda 42 kiloqram çəkidə mübarizə aparan Şahin Muxtarov ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Həlledici görüşdə güləşçimiz bolqarıstanlı rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gəlib və dünya çempionatının bürünc medalına sahib olub.
Çempionatda 58 kiloqram çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə İsrail təmsilçisinə qalib gəlib, ardınca ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçiləri üzərində qələbə qazanan F.Həsənov bürünc medal uğrunda görüşə çıxıb. Son qarşılaşmada Rusiya təmsilçisini də üstələyən güləşçimiz dünya çempionatının bürünc medalına yiyələnib.
Turnirdə 69 kiloqramda ölkəmizi təmsil edən İsmayıl Abdullayev İtaliya, Gürcüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
Azərbaycanın sərbəst güləşçiləri Sarayevoda keçirilən dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
Azərbaycanın sərbəst güləşçiləri Sarayevoda keçirilən dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
Azərbaycanın sərbəst güləşçiləri Sarayevoda keçirilən dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar