Humay Qədimova: "Bunu sevgi ilə əlaqələndirmək istəmirəm, ancaq..." - FOTOSESSİYA

Humay Qədimova: "Bunu sevgi ilə əlaqələndirmək istəmirəm, ancaq..." - FOTOSESSİYA
00:22 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tarzən Humay Qədimovanın Milli.Az-a müsahibəsi.

- Tarı köksünüzə neçə yaşınızdan etibarən sıxmağa başladınız?

- On dörd yaşımdan...

- Bu maraq sizdə haradan qaynaqlanırdı?

- Qardaşımdan. O da musiqiçidir. Mən əvvəl fortepianoya getmişəm. Dörd ildən sonra gördüm ki, mənlik deyil. Ona görə də tarda ifa etməyi öyrənməyə başladım. Beləliklə, hər şey istədiyim kimi oldu və mən bu sənətin incəliklərini mənimsəyə bildim.

- Özünüzü təsdiqləyə bildiniz?

- Mənə elə gəlir ki, təsdiqləməyi bacardım. Bunu tamaşaçılar daha dəqiq bilər. Elin gözü tərəzdir, deyirlər.

- Haqqınızda nə deyirlər ki?

- Hərdən eşidirəm, deyirlər ki, Humay özündən çox razıdır. Amma məni tanıyanlar yaxşı bilir ki, mənim elə xarakterim yoxdur. Bəlkə də bir az qapalı insan olduğum üçün onlarda elə təsəvvür yaranır.

- Sizə “Humay, keçmişdə kim olmusan” deyənlərə cavabınız nə olub?

- Çevrəmdə elə insanlar olmayıb ki, mənə elə söz desinlər. Buna heç vaxt şərait yaratmamışam. Amma öz keçmişimi heç vaxt unutmamışam. Kasıb bir ailənin qızı olmuşam. Öz sənətimlə irəliləmişəm və öz yerimi tapmışam. Hər zaman geriyə baxıb gələcəyimi görməyi bacarmışam.

- Tarda hər gün ifa etidyiniz bir mahnı varmı?

- Var. Artıq bir neçə ildir ki, hər dəfə tarı əlimə götürəndə qeyri-ixtiyari olaraq “Əlini məndən üzüb...” adlı mahnını ifa etməyə başlayıram.

- Əlinizdən əlini kimlər üzüb?

- Bunu sevgi ilə əlaqələndirmək istəmirəm, ancaq belə insanlar olub.

- Toy “tuta” bilirsiniz?

- Əvvəlkinə nisbətən indi zəifçilikdir. Amma yenə də min şükür.

- Bu zəifçiliyi nə ilə əlaqələndirirsiniz? Camaatda pul azdır, yoxsa nə?

- Camaatda pulun az, ya da çox olmasını deyə bilmərəm, fikrimcə, sənət adamlarının efirlərdə tez-tez görünməsi onları tamaşaçıların gözündə adiləşdirib. Sənətçilərin toylara az dəvət olunmasını bununla əlaqələndirə bilərəm.

- Hansısa bir məclisdə siz tarda ifa edən zaman oynamaq üstündə dava düşüb?

- Məncə, olmayıb. Daha doğrusu, yadıma gəlmir (gülür).

- Tələbələriniz var?

- Hal-hazırda 15-ə yaxın tələbəmə tarzənliyin sirlərini öyrətməyə çalışıram. Onların arasında böyük uğurlara imza atanlar da olub. Hamısından razıyam.

- Tələbələrinizin arasında gələcəkdə sizdən də üstün tar ifaçısı olmağa qadir olanlar var?

- Bir məsəl var, deyirlər ki, “başmağımı geyinsə də, yerişimi gedə bilməz”... Bunu özümə aid etmirəm, ümumilikdə deyirəm. Əslində, heç kimin yerini heç kim verə bilməz. Bəli, ola bilər tələbələrimdən eləsi olsun ki, gələcəkdə özünəməxsusluğu ilə məndən də fərqli və sayılıb-seçilən olsun.

- Ustad nə qədər ustadlıq etsə də, öz bildiklərini şagirdlərinə tam şəkildə öyrətmir deyirlər. Bəlkə də bu, bir təlim sirridir. Siz bildiklərinizin hamısını öyrədirsiniz?

- Düz buyururusunuz, belə bir fikir var. Amma tam səmimi deyirəm, mən öz bildiyimi tam incəliklə ətrafımdakı tələbələrimə aşılamağa cəhd göstərirəm. Hətta elə “barmaq” olur ki, mən onu tələbəmdən öyrənirəm.

- Nəyi bilmirsiniz?

- Çox şeyi.

- Ailə qurmamısınız?

- Xeyr.

- Bu vaxtacan gözləməyinizə səbəb nədir?

- Mən bu məsələni ancaq qismətə bağlayıram.

- Hal-hazırda əks-cinsin nümayəndələri ilə “tar cəngi”nə çıxmağa hazırsınız?

- Sənətkarları demirəm, çünki onlar artıq öz sözünü demiş və özlərini təsdiqləmiş insanlardır. Amma öz yaşıdlarımla istənilən məclisdə sağlam rəqabət aparmağa hazıram. Böyüklükdən uzaq olsun, özümə güvənirəm.

- Bəs gözünüzdən nə uzaq olsun?

- Pis olan hər bir şey...

- Başınızı “itirdiyiniz” anlarda çarəni nədə axtarmısınız?

- Yeddi ay bundan öncə anamı itirəndə çox sıxıntılar yaşadım. O anlarda hacı Şahinin danışdıqlarına qulaq asıb özümdə bir rahatlıq tapdım. Ümumilikdə isə sıxıntılı zamanlarımda məscidə gedirəm, dua edirəm. Allaha sığınıram.

- Çox düşündünüz və hansı qərara gəldiniz?

- (Düşünür)... Bilmirəm, bu suala cavab vermək mənim üçün çətinidir.

Cavidan Abdullayev
Milli.Az


 
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR